Həkim redaktoru maşınla vurub qaçdı

Həkim redaktoru maşınla vurub qaçdı
  31 Avqust 2015    Oxunub:2476
Axar.az saytının baş redaktoru Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının ölümündə ittiham etdiyi həkim Firuz İbrahimov tərəfindən maşınla vurulub.
Axar.az saytının yazdığına görə, anestezioloq Anar Niftəliyevi maşınla vuraraq qaçıb. Bütün prosesi videoya alan baş redaktor ayaqlarından ağır zədə alıb və dərhal hadisə yerinə polis çağırıb.


Sayt qeyd edib ki, anestezioloq Firuz İbrahimov Anar Niftəliyevin şikayəti əsasında həyat yoldaşı Elnarə Tofiqqızının ölümü ilə bağlı aparılan məhkəmə araşdırması nəticəsində Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə ittiham olunub və 2 il şərti azadlıqdan məhrum edilib. Lakin zərərçəkən tərəf bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib.

F. İbrahimov isə sonuncu prosesdən öncəki prosesə teleqram vuraraq xəstə olduğu üçün iştirak edə bilməyəcəyini bildirib. Son prosesə isə onun özü deyil, qardaşı teleqram vurub və bildirib ki, həkim mədə xorasından əziyyət çəkdiyi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Bu gün isə A. Niftəliyev onun həqiqətən xəstəxanada yatıb-yatmadığını yoxlamaq üçün yaşadığı ünvana baş çəkib, həkimin evdə olduğunu görüb və bunu telefonun video yaddaşına köçürüb.

Bir qədər sonra Firuz İbrahimov evdən çıxıb, maşınına əyləşib və işə yollanıb. A. Niftəliyev həkimin maşını Hənifə Ələsgərov küçəsində işıqforun qırmızı işığında dayandığı vaxt ona yaxınlaşıb və məhkəməni aldatmağının səbəbini soruşub. Anestezioloq isə Anar Niftəliyevi maşınla vuraraq qaçıb.Baş redaktor ayaqlarından ağır zədə alıb.


Teqlər:  





Xəbər lenti