Hamburqdan Bakıya verilən mesajlar - Operativ şərh

Hamburqdan Bakıya verilən mesajlar - Operativ şərh
  09 Dekabr 2016    Oxunub:3006
Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası davam edir. Almaniyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni heç nə gətirmədi. Hamburq toplantısından sonra ATƏT-ə sədrlik Avstriyaya keçir. Ancaq bu ölkənin də çox təşəbbüskar olacağını gözləməyə dəyməz.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Hamburq sammitini AzVision.az-a şərh edərkən deyib.

Politoloq bildirib ki, ATƏT-ə sədrlik simvolik mahiyyət daşıyır: “Qazaxıstan ATƏT-ə sədrlik edəndə Astanadan daha çox gözlənti var idi. Çünki, Qazaxıstan Azərbaycan və Ermənistanla müxtəlif siyasi, iqtisadi və hərbi platformalarda yer alıb və Qazaxıstan prezidenti Nursultan Nazarbayev münaqişə haqda daha çox bilgilidir. Ancaq Astananın təşəbbüsləri boşa çıxdı.

ATƏT toplantılarında iştirak edən Minsk Qrupunun həmsədr dövlətlərinin ya dövlət başçıları, ya da xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı adətən ortaq bəyanatla çıxış edirlər. Hamburqdakı toplantıya dövlət başçıları qatılmayıblar. Ona görə də budəfəki ortaq bəyanat Rusiya və Fransa xarici işlər nazirlərinə, o cümlədən ABŞ dövlət katibinə aiddir. Maraqlıdır ki, Suriyadakı müharibəyə, Krımın işğalına və Donbasdakı duruma fərqli baxan Rusiya, ABŞ və Fransa Qarabağ məsələsində yekdil mövqe ortaya qoyurlar. Ancaq bu mövqenin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri yoxdur. Əksinə, 3 ölkənin diplomatik qurumları rəhbərlərinin budəfəki ortaq bəyanatının mətni Azərbaycana qarşı ultimativ tonda yazılıb.

Bəyanat sanki Azərbaycana xəbərdarlıq mahiyyəti daşıyır. Doğrudur, mətndə konkret ölkələrin adı çəkilmir ki, Azərbaycanın və ya Ermənistanın məsuliyyəti vurğulansın. Ancaq bir neçə cümlədə Azərbaycana eyham vurulduğunu aydınlaşdırmaq mümkündür. Məsələn “münaqişənin hərbi yolla həlli yoxdur” ifadəsi Azərbaycana mesajdır ki, “torpaqları güc yolu ilə azad etməyə çalışmayın”.



Bəyanatdakı “biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik” ifadəsi də qeyri-müəyyəndir. Döyüş meydanında tərəflər bir-birlərini öldürməyə çalışırlar. Bu, hər yerdə belədir. Rusiya və ABŞ təyyarələri Suriyanın və ya İraqın müxtəlif məntəqələrini bombalayanda mülki əhali arasında itkilər olur. Belə bombardmandan sonra Suriyada və İraqda yüzlərlə dinc sakin həlak olur.

“Biz tərəfləri ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq”. Bu da birbaşa Azərbaycana ünvanlanmış mesajdır. Çünki, rəsmi Bakı cəbhə bölgəsindəki toqquşmaların qarşısını almaq üçün monitorinqin keçirilməsində maraqlı deyil. Bu monitorinq işğalın rəsmiləşdirilməsi və Azərbaycanın torpaqları geri qalmaq hüququnun əlindən alınması deməkdir.

“Danışıqlar prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması perspektivləri artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq” – bu cümlənin birinci hissəsi elə həmsədrlərin özlərinə aiddir. Çünki, danışıqlar prosesində irəliləyişin əldə olunmamasına görə onlar məsuliyət daşıyırlar. Cümlənin ikinci hissəsi də qeyri-müəyyəndir. Həmsədrlər aprel döyüşlərinə görə Azərbaycanın və Ermənistanın eyni məsuliyyət daşıdığını bildirdilər. Belədirsə, həmsədrlər cəbhə bölgəsində növbəti toqquşmaya görə də məsuliyyəti ancaq bir dövlətin üzərinə qoymayacaqlar. Cəbhə bölgəsində vəziyyət bu gün də gərgindir, Üstəlik Ermənistan prezidenti Serj Sarkisyan Hamburqda ATƏT-in toplantısı davam edərkən, Dağlıq Qarabağda hərbi müşavirə keçirir. Bunun özü təxribatdır. Ancaq bu təxribatına görə ATƏT həmsədrləri Serj Sarkisyana etiraz etmirlər”.

E.Şahinoğlu qeyd edib ki, həmsədrlərin bəyanatının sonuncu abzası münaqişənin necə həll olunması mexanizminə həsr olunub: “Bəyanatın bu hissəsində yeni heç nə yoxdur. Madrid planında nə varsa, həmsədrlərin sonuncu abzasında yer alıb. Həmin abzasdakı bircə maddədən başqa bütün digər maddələr Azərbaycan üçün münasibdir. Həmin cümlə “gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi” ifadəsindən ibarətdir. Rəsmi Bakı bu maddəni belə görür: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ öz statusunu müəyyənləşdirə bilər”

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti