Gültəkin Hacıbəylinin iddiası rədd edildi

Gültəkin Hacıbəylinin iddiası rədd edildi
  27 Fevral 2015    Oxunub:1719
Yasamal Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəylinin 9 jurnalistə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasını icraata götürməkdən imtina edib.
Hakim Aqşin Əfəndiyev dəlil yetərsizliyini əsas gətirərək iddianı rədd edib.

Qeyd edək ki, keçmiş deputat “Yurd TV”nin, “Palitra” və “Kaspi” qəzetlərinin, teleqraf.com, sia.az saytlarının əməkdaşlarını məhkəməyə vermişdi. G.Hacıbəyli jurnalistlərin xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edirdi.

Həmin jurnalistlər həddən artıq qəribə, daha doğrusu, absurd bir səbəbdən G.Hacıbəylinin qəzəbinə gəliblər. Belə ki, onlar sabiq deputatın keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin inişil keçirdiyi mətbuat konfransını işıqlandırdıqları üçün (?-red.) cəzalandırılmalı imişlər. Bu isə özlüyündə nonsensdir. Çünki mətbuat konfranslarında iştirak edərək orada səslənən fikirləri ictimaiyyətə çatdırmaq jurnalistin vəzifələrindən biri sayılır.

Onu da xatırladaq ki, G.Hacıbəyli Mahmud Mehdiyevi 2013-cü ilin mayında keçirdiyi mətbuat konfransında ona qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırıb və M.Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Yasamal Rayon Məhkəməsi isə iddianı təmin etməyib. (Virtualaz.org)


Teqlər:





Xəbər lenti