Girovlarımızın ailəsi Qarabağa getmək istəyir

Girovlarımızın ailəsi Qarabağa getmək istəyir
  19 Dekabr 2014    Oxunub:2319
“Ermənilərin atam haqda belə qərar verəcəyini düşünürdüm”.

Bunu AzVision.az-a açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Bu gün Xankəndidə keçirilən sonuncu qondarma “məhkəmə”ndən xəbərdar olduğunu deyən Kürdoğlu Əsgərov qeyd edib ki, artıq bununla bağlı lazım olan hər bir yerə müraciət ediblər. Girovun oğlu qeyd edib ki, lazım olsa atasını xilas etmək üçün Qarabağa da getməyə hazırdır.

Ermənilər tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyevin qardaşı Manaf Quliyev isə AzVision.az-a bildirib ki, erməni tərəfi hər şey əlində olduğu üçün istədiyi qərarı verə bilər.

Onun sözlərinə görə, onlar lazım olan hər bir yerə müraciət ediblər. M.Quliyev qardaşını xilas etmək üçün Qarabağa getmək istədiklərini deyib:

“Bircə o qalıb ki, gedib qardaşımı özümüz gətirək. Ya ölərik, ya da qalarıq. Məhkəməyə kimdi inanan. Onların əlində olduğu üçün istəsələr öldürədə bilərlər”.

Xatırladaq ki, bu gün Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesində prokuror çıxış edib. “Prokuror” Karen Qabrielyan D. Əsgərova ömürlük həbs cəzası tələb edib, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti