General Çovdarovun cinayət əməlləri...

General Çovdarovun cinayət əməlləri...
  26 Noyabr 2015    Oxunub:6797
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun həbsinin, törətdiyi cinayət əməlllərinin təfərrüatları məlum olub.

Baş Prokurluğun yaydığı rəsmi məlumatda bildirilib ki, nazirliyin Baş İdarəsinin sabiq rəisi Çovdarov Akif Teymurxan oğlu tabeçiliyində olan idarə və şöbə rəisləri Əliyev Akif Oqtay oğlu, Məmmədov Səlim İbrahim oğlu və Osmanov Orxan Hacısəfər oğlu ilə cinayət əlaqəsinə girib qrup halında qanunsuz əməliyyatlar keçirib.

Qeyd edilib ki, cinayətkar qrup sahibkarlar İ.Qasımov, N.Orucov, T.İbrahimov, C.Səfərov, Ş.Qurbanov, F.Zülfüqarov, A.Kərimov, E.Hacıyev, Q.Ədilov və başqalarının nazirliyə gətirilərək qanunsuz azadlıqdan məhrum etmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək külli miqdarda nağd pullarını, qızıl-zinət əşyalarını, digər əmlak və torpaq sahələrini hədə-qorxu yolu ilə almalarına dair əsaslı faktlar müəyyən edilib.

A.Çovdarovun cinayət əməlləri bununla bitmir. Hazırda onunla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir, iş adamlarının, zərərçəkən şəxslərin şikayətləri üzrə faktlar toplanır.

Həbsdə olan general Çovdarov sabiq MTN naziri Eldar Mahmudovun ən yaxın adamı hesab olunur. Mətbuatda onun cinayət əməlləri ilə bağlı saysız-hesabsız məlumatlar yayılır. Çovdarovun paytaxtda qanunsuz həbsxanasının olduğu iddia edilir. Bildirilir ki, Çovdarov öncədən tora salacağı iş adamlarını qanunsuz olaraq öz həbsxanasına salıb, onlara işgəncələr verdirib. Çovdarovun dəstəsi bu yolla iş adamlarından küllü miqdarda pul alıb.

Hazırda bu faktlar detalları ilə araşdırılır. İstintaqın sonunda Çovdarovun cinayət əməlləri ilə bağlı geniş məlumatın açıqlanacağı gözlənilir.

MTN generalının cinayət əməllərindən patronu Mahmudovun xəbərsiz olması inandırıcı görünmür. Hesab edilir ki, Çovdarovun bütün qanunsuz əməllərinə Mahmudov tərəfindən `yaşıl işıq` yandırılıb.

Qeyd edək ki, A.Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

Qeyd edək ki, Akif Çovdarov noyabrın 14-də tutularaq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti