Gənclər “Bakcell” şirkətində təcrübəyə başlayıblar

Gənclər “Bakcell” şirkətində təcrübəyə başlayıblar
  27 İyul 2016    Oxunub:1222
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaq və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Gənclər arasında “Smart Start” proqramına maraq bu il də böyük olub. “Bakcell”də təcrübə keçmək üçün 2000-ə yaxın gənc müraciət forması təqdim edib. Bütün seçim mərhələlərini müvəffəqiyyətlə keçən 33 nəfər isə təcrübə proqramında iştirak hüququ qazanıb.

İştirakçılar 2 ay müddətində insan resursları, marketinq, mühasibatlıq, pərakəndə satış və distribusiya, korporativ satış, informasiya texnologiyaları əməliyyatları, müştəri və müəssisə idarəetmə platformaları, xidmət əməliyyatları mərkəzi, proqram idarəetmə, müştəri xidmətləri strategiyası və onlayn xidmətlərin idarə edilməsi, müştəri xidmətləri şöbələrində çalışacaqlar.

Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənir, eyni zamanda karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.

Qeyd edək ki, 2014 və 2015-ci illərdə “Smart Start” təcrübə proqramından 54 nəfər məzun olub, onların 12 nəfəri artıq “Bakcell” şirkətinin müxtəlif sahələrində işlə təmin olunub. Digər məzunlar isə yeni yaranan vakansiyalara potensial namizəddirlər.

Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

Bu il gənclərin proqram haqqında ətraflı məlumat alması və müraciət prosesini daha dinamik və asan etmək məqsədi ilə yeni sayt istifadəyə verilib. Sayt vasitəsi ilə təcrübə proqramına müraciət etmək, proqram haqqında daha geniş məlumatları, xəbərləri və məzunların təcrübə hekayələrini oxumaq, “Bakcell”in universitetlərdə keçirdiyi tədbirlərə qoşulmaq üçün qeydiyyatdan keçmək, əməkdaşlarımızın gənclərə verdiyi tövsiyələri ilə tanış olmaq mümkündür.

Kreativ gənclərin öz təkliflərini və layihə ideyalarını göndərə bilməsi üçün saytda xüsusi bölmə yaradılıb. Son statistikaya əsasən gənclər artıq bu saytdan aktiv şəkildə faydalanır və şirkətlə daha sıx əlaqəyə girirlər. Saytla aşağıda qeyd olunan keçiddən istifadə edərək tanış ola bilərsiniz: https://azvision.az/redirect.php?url=http://developtalent.bakcell.com/az

AzVision.az


Teqlər:  





Xəbər lenti