Gəncədə şərab festivalı - FOTOLAR

Gəncədə şərab festivalı - FOTOLAR
  01 Oktyabr 2014    Oxunub:4982
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilən Gəncədə III Beynəlxalq Şərab Festivalı bu gün işini davam etdirib.
Fransa, Almaniya, İtalya, Türkiyə, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrdən gələn qonaqlar, şəhər rəsmiləri, ictimaiyyətin nümayəndələri Cavad xan küçəsinə gələrək, festival çərçivəsində təşkil edilmiş sərgi-tamaşalara baxıblar. Başdan-başa bayram əhval ruhiyyəsində bəzədilmiş küçədə nümayiş etdirilən şərab məhsulları, Gəncənin ali və orta ixtisas ümumtəhsil məktəbləri, məktəbəqədər müəssisə kollektivlərinin, mədəniyyət və incəsənət işçilərinin təqdim etdikləri sərgilər, milli rəqslər, qədim məişət əşyaları, gənc rəssamların fərdi sərgiləri iştirakçıların dərin marağına səbəb olub. Kukla Teatrının, Gəncə Dövlət Filarmoniyasının, Musiqi Kollecinin hazırladıqları tamaşalar, konsert proqramları qonaqlarda xoş ovqat yaradıb.

Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dünyanın 10 ölkəsindən 50 nəfərədək nümayəndənin iştirak etdiyi III Beynəlxalq Şərab Festivalı münasibətilə hamını təbrik edib, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə olaraq dəyərləndirib, Festivalın ölkələr arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini önə çəkib.

Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov, Burqundiya regionunun Yon Vilayətinin Ali Şurasının Prezidenti Andre Vilye, Yuxarı Alzas Müluz Universitetinin Prezidenti Kristin Qanqlaf Ziyeqler və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsindən, regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən möhtəşəm işlərdən, son illər Azərbaycan-Fransa əlaqələrinin genişləndirilməsindən, iki ölkə arasında üzümçülük və şərabçılıq sahəsində çox əhəmiyyətli tədbirlərin reallaşmasından, iqtisadiyyatın digər sahələrində əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasından, Gəncənin genişvüsətli, sürətli tərəqqisindən, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı, yorulmaz fəaliyyəti sayəsində şəhərdə böyük quruculuq işlərinin aparılmasından, Gəncənin daha da müasirləşib, dünya səviyyəli şəhərə çevrilməsindən söhbət açıblar. Tədbirdə dünən keçirilən “Salxım” Dequstasiya müsabiqəsinin nəticələri elan olunub və qaliblər mükafatlandırılıblar.

“ASPİ – AqroSavalan” müəssisəsinin istehsal etdiyi şərablar ən yüksək mükafata- “Qran Pri“ mükafatına layiq görülüb.

“Gəncə Şərab - 2” ASC-nin “Sevgilim” şərabı qızıl medala, “Kaberne sovinyon” şərabı gümüş medala layiq görülüb. Qaliblər arasında Ağsu rayonunun “Azqranata” MMC-nin, İsmayıllı rayonu Şərab Zavodunun, Qəbələ rayonunun “Aqroinvest” müəssisəsinin, Abşeronun “Firiland” müəssisəsinin, Şəmkir rayonundakı “Şərq Ulduzu” ASC-nin, Göygöl Şərab zavodunun, Cəlilabad rayon şərab zavodlarının müxtəlif adlı şərabları vardır.

Sonda qonaqlar Gəncənin və regionun şərab istehsalçılarının açdıqları pavilionlarda şərab məhsullarının, eləcə də təqdim olunan milli xörəklərin dadına baxıblar.

Gəncədə reallaşan daha bir Beynəlxalq tədbir tarixləşərək, yaddaşımızda unudulmaz xatirələrlə qaldı. Bu birlik, dostluq, həmrəylik festivalı, ölkələr arasında inkişaf və tərəqqi sahəsində atılan uğurlu addımlar gələcəkdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində bir stimuldur. Qədim elm, mədəniyyət mərkəzi olan Gəncənin şöhrət zirvəsinə ucalması, dünya xalqlarında heyrət və rəğbət yaratması hər birimiz üçün böyük qürur, iftixardır.

Qalereya




Teqlər:





Xəbər lenti