Gəncədə maarifləndirmə tədbiri keçirilib - Foto

Gəncədə maarifləndirmə tədbiri keçirilib - Foto
  28 Aprel 2016    Oxunub:1717
Gəncədə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib
AzVision.az xəbər verir ki, maarifləndirmə tədbiri Gəncə şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Regional seminar - müşavirədə Gəncə şəhəri, Xocalı, Kəlbəcər, Qazax, Ağstafa, Goranboy, Göygöl, Samux, Şəmkir, Tovuz, Daşkəsən və Gədəbəy rayonlarındakı strukturların rəhbər və məsul nümayəndələri iştirak edib.

Tədbiri Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev giriş sözü ilə açaraq, ölkəmizdə müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov seminarda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verib. Səyavuş Heydərov din pərdəsi adı altında aparılan münaqişələrə diqqəti çəkərək bildirib ki, Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür.

Sonra Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sədr müavini Hikmət Eyvazov və Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev çıxış edərək ölkəmizdəki multikultural və tolerant mühitinin təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildiriblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.

Seminarda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb.

Seminar-müşavirə işini müzakirələrlə davam etdirib.​

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti