Gəncədə beynəlxalq konfrans keçirilib

Gəncədə beynəlxalq konfrans keçirilib
  30 İyun 2016    Oxunub:2693
"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, “Təbiət Dostları” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə konfrans təşkil olunub.
AzVision.az xəbər verir ki, “Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfransda MDB ölkələrindən 300-dən çox gənc arasından seçilən 40-a yaxın alimlər, ekoloqlar, iqtisadçılar və gənc fəallar iştirak edib.



Konfransda çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev qonaqları 2016-cı il üçün "Avropa Gənclər Paytaxtı" – Gəncə şəhərində salamlamaqdan məmnun olduğunu bildirib. Birinci müavin “yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfransın Gəncədə keçirilməsini müsbət qiymətləndirib. Elnur Rzayev bildirib ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün "yaşıl iqtisadiyyat" dayanıqlı inkişafa söykənməlidir. Hər kəs başa düşməlidir ki, "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi qanunvericiliyin tələbi yox, müasir zamanın əsas qanunu və tələblərindən biridir.



Gənclər və İdman nazirinin müavini İntiqam Babayev isə çıxışında vurğulayıb ki, bu işlərə bütün dünyada 2008-ci ildən başlanılıb və "yaşıl iqtisadiyyat"ı inkişaf etdirməklə onun mühüm irəliləyişinə nail olmaq olar. Nazir müavini əlavə edib ki, "yaşıl iqtisadiyyat"ı inkişaf etdirmək yalnız qəbul olunan sənədlərdən asılı deyil, bunun üçün insanların köməyi də lazımdır. İntiqam Babayev əlavə edib ki, layihənin davamı olaraq növbəti illərdə Avropa ölkələri gənclərinin də bu mövzuda bilik-təcrübə mübadiləsini aparmaqla ölkəmizdə bu mövzunun aktuallığına təkan veriləcəkdir.



“Təbiət Dostları” Gənclər Təşkilatının sədri Elşən Nur diqqətə çatdırıb ki, “Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfransın əsas məqsədi- gənc alimlər tərəfindən yaşıl iqtisadiyyat və ümumilikdə davamlı inkişaf mövzusunda bilik və fikir mübadiləsinin aparılması üçün imkan yaratmaqdır.

Konfransda aşağıdakı mövzulara uyğun olaraq 4 fərqli bölmələrə görə elmi-praktik işlərin təqdimatları və müzakirələri aparılıb.
1. Alternativ enerji və ekoloji nəqliyyatın inkişaf perspektivləri
2. Yaşıl kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatının gələcəyi
3. Yaşıl tikinti, “ağıllı şəhər” (Smart City) konsepsiyasının tətbiqi
4. Ekoloji təşəbbüslər (ekoloji maarifləndirmə, davamlı turizm, ekoloji Startup-lar)
Qeyd edək ki, konfras iştirakçıları üçün Gəncə şəhərində ekskursiyalar və Göygöl Milli Parkında Ekotur təşkil edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti