Gəncə ilə Eskişehir qardaş oldu

Gəncə ilə Eskişehir qardaş oldu
  06 Aprel 2013    Oxunub:6489
Gəncə şəhəri ilə Eskişehir arasında qardaşlaşmış şəhərlər protokolu imzalanıb
Bu barədə AzVision.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. Bildiriblər ki, bu məqsədlə Gəncəyə səfər edən Eskişehir valisi Kadir Koçdemir və bu ölkənin Gəncədəki Baş konsulu Haluk Ağca ilə şəhər icra hakimiyyətində görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qardaş ölkənin ən qədim şəhərlərindən olan Eskişehir valisinin Gəncəyə səfərindən məmnun olduğunu bildirib və Azərbaycanın ikinci böyük şəhəri haqqında, onun iqtisadiyyatı, mədəniyyəti, eləcə də ölkə başçısının diqqət və qayğısı ilə burada aparılan böyük abadlıq və quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verib. Elmar Vəliyev bildirib ki, hazırda Gəncədə iki böyük yubileyə – ümummilli lider Heydər Əliyevin 90 və böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə hazırlıq işləri gedir. 360 hektarlıq sahədə yerləşən Heydər Əliyev parkında ulu öndərin adını daşıyan mərkəzin tikintisi sürətlə davam etdirilir. Məhsəti Gəncəvi mərkəzinin inşası da uğurla aparılır. Bundan başqa xalq qəhrəmanı Cavad xanın heykəlinin ucaldılması, Mirzə Şəfi Vazeh adına parkın salınması və parkda onun heykəlinin ucaldılması da nəzərdə tutulub. Gəncədə təhsilin, səhiyyənin, eləcə də mədəniyyətin inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Elmar Vəliyev bu il xeyli sayda məktəbin tikildiyini və əsaslı şəkildə təmir edildiyini söyləmiş, səhiyyə ocaqlarının yenidən qurulduğunu qonaqların nəzərinə çatdırıb.

Türkiyənin Eskişehir valisi Kadir Koçdemir Gəncəyə səfərindən razı qaldığını bildirib və 482 min nəfərdən artıq əhalisi olan Eskişehir haqqında geniş məlumat verib. 2013-cü ildə Eskişehir Türk Dünyasının Mədəniyyət Paytaxtı seçiib. Bu gün Türkiyənin ən inkişaf etmiş şəhərlərindən olan Eskişehir həm də böyük turizm potensialına malikdir və hər il yüz minlərlə xarici turist bu qədim şəhərə gəlir, onun görməli yerləri ilə yaxından tanış olur.

Görüşdə hər iki şəhərin sosial-iqtisadi və mədəni həyatı ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Sonra Gəncə ilə Eskişehirin qardaşlaşması ilə bağlı protokol imzalanıbr.

Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev Türkiyənin Eskişehir valisi Kadir Koçdemirə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə nəfis şəkildə nəşr edilmiş Nizami Gəncəvinin “Xəmsə”sini hədiyyə edib.

Qalereya




Teqlər:





Xəbər lenti