Fransız deputatlardan Azərbaycana jest

Fransız deputatlardan Azərbaycana jest
  27 Yanvar 2015    Oxunub:2321
Yanvarın 22-də Fransanın Milli Assambleyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə Fransaya səfəri zamanı imzalanan və ötən ilin mart ayında Senat tərəfindən təsdiq olunan “Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyəti şərtləri haqqında Saziş”ə baxılıb.

Məsələ üzrə məruzəçi Milli Assambleyanın deputatı Tieri Mariani çıxışında Azərbaycan, onun iqtisadiyyatı, ölkədə gedən inkişaf prosesindən söhbət açıb, ölkəmizin regionda rolundan və Fransa üçün strateji əhəmiyyətindən bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Mariani Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərinin 20 faizinin işğalını, beynəlxalq təşkilatların, xüsusilə də BMT TŞ-nın münaqişə ilə bağlı dörd qətnaməsini və bu qətnamələrdə Ermənistan qoşunlarının qeyd şərtsiz Azərbaycan torpaqlarını tərk etməsinin tələb olunduğunu diqqətə çatdırıb. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının da münaqişə ilə bağlı 1416 saylı qətnaməsinə Ermənistan tərəfindən əməl olunmadığını xatırladıb.

T.Mariani həmçinin Azərbaycanın tarazlaşdırılmış və müstəqil xarici siyasət kursunu da xüsusi vurğulayıb.

Məruzəçi Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutunun fəaliyyətindən söhbət açıb , hazırkı sazişin qüvvəyə minməsinin fransız dili və mədəniyyətinə rəğbət olan bir ölkədəki mədəniyyət mərkəzinin statusunun güclənməsinə xidmət edəcəyini qeyd edib. Məruzə ətrafında çıxış edən Azərbaycan Dostları Assosasiyasının sədri deputat Jan-Fransua Mansel Fransanı Azərbaycanla əlaqələri gücləndirməyə çağırıb.

Azərbaycanın öz müstəqilliyinə dərin köklərlə bağlılığını diqqətə çatdıran deputat bunun Fransa ilə əlaqə yaratmaqda mühüm amil olduğunu bildirib. Əhalisinin əsasən müsəlmanlardan ibarət olan ölkədə xristianların, yəhudilərin, katoliklər və protestantların yaşadığını vurğulayan Jan-Fransua Mansel belə müxtəlif dinlərin mövcudluğuna baxmayaraq bu dinlərin nümayəndələri arasında heç vaxt problem olmadığını, hətta ölkədə bir kimsənin antisemitizmlə bağlı pis bir fikrə düşmədiyini bildirib.

Jan-Fransua Mansel deyib ki, Azərbaycanda yəhudilər 2500 il bundan əvvəl məskunlaşsa da, bu dinə qarşı hətta kiçicik bir yanlış hərəkət baş verməyib. Bu mənada Azərbaycan bir dünyəvi ölkə kimi bizim hazırda keçirdiyimiz dəhşətli anların simvoludur.

Azərbaycanda və Fransada əməkdaşlığa böyük maraq olduğunu vurğulayan deputat bu istiqamətdə Azərbaycan tərəfindən müəyyən addımlar atıldığını, mədəniyyət sahəsində Fransanın müxtəlif regionlarında və şəhərlərində biri-birindən maraqlı tədbirlərin keçirildiyini və bütün bunların demokratiyanın inkişafı sahəsində əməkdaşlıq manevr olduğunu bildirib

Jan-Fransua Mansel çıxışında vurğulayıb ki, bəzi həmkarlarımdan Azərbaycanda kifayət qədər demokratiya olmaması barədə yanlış fikirlər eşitmişəm. Amma onlara xatırlatmaq istərdim ki, Fransadan 25 il əvvəl 1918-ci ildə qadınlara səsvermə hüququ verən, 2001-ci ildən Avropa Şurasına tam bərabər hüquqlu üzv seçilən və 2014-cü ildən qurumun Nazirlər Komitəsinə yüksək səviyyədə sədrlik edən bu ölkə demokratiya sahəsində nəzərə çarpacaq dərəcədə yüksəlişə nail olub və demokratiyanın inkişafı sahəsində mühüm layihələr həyata keçirib. Yaddan çıxarmaq lazım deyil ki, Fransada demokratiyanın stabilləşməsi üçün 1789- cu ildən 1880-ci il ərzində 100 il vaxt lazım olub. Azərbaycan isə müstəqilliyi 1991-ci ildə əldə edib.

Deputat qeyd edib ki, bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini layiqincə araşdırmayan, əsl həqiqətlərdən xəbərsizlər Azərbaycanı təqsirləndirməyə cəhd edirlər. Amma bu məsələdə də əsl reallıqdan çıxış etmək lazımdır. Azərbaycanla Ermənistan arasında münaqişə faciəvi xarakter daşıyır və uzun müddətdir ki, davam etməkdədir. Unutmaq lazım deyildir ki, BMT Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu dəfələrlə bəyan edib. İşğalı nəticəsində 900 mindən artıq azərbaycanlı qaçqın və məcburi köçkün düşüb.

ABŞ və Rusiya kimi ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladan Jan-Fransua Mansel Fransa prezidentinin təşəbbüsü ilə keçən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edildiyini, bu görüşün münaqişənin sülh yolu ilə həllində müəyyən irəliləyişə əldə ediləcəyinə əminliyini bildirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində Fransanın müəllif olmasını arzulayıb.

Deputat sonda qeyd edib ki, hər iki ölkə arasında əməkdaşlığın düzgün istiqaməti göstərir ki, Fransa və Azərbaycan dost olmaqla bərabər həm də həqiqi və sadiq tərəfdaşlardır.

Milli Assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun yeni sədri Mişel Vuəzən qədim tarixə və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanın öz müstəqilliyini qoruyub saxlaması və möhkəmləndirilməsi istiqamətində xüsusi kurs götürdüyünü, uzun illər müxtəlif xalqların əmin-amanlıq şəraitində yaşadığı bu ölkənin tolerantlığı bariz nümunəsi olduğunu diqqətə çatdırıb və Fransa ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Sonda saziş səs çoxluğu ilə qəbul olunub. (AzərTAc)


Teqlər:





Xəbər lenti