Fransanın yeni həmsədrinin dosyesi - 7 dildə danışır (Fotolar)

Fransanın yeni həmsədrinin dosyesi -  7 dildə danışır (Fotolar)
  21 Oktyabr 2016    Oxunub:12218
Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib. Yeni həmsədr Stefan Viskonti təyin olunub. O, bu postda Pyer Andriunu əvəzləyib. Viskontinin həmsədr kimi nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil.

AzVision.az Stefan Viskontinin bioqrafiyasının araşdırıb.

Stefan Viskonti 4 oktyabr 1962-ci ildə Parisdə dünyaya gəlib. Bir övladı var. 1985 –ci ildə İqtisadi elmlər və biznes ali məktəbinin məzunu olub. Üç il sonra isə rus dili üzrə biznes ali diplomu alıb. 1993-cü ildə isə Şərq (Rusiya, Gürcüstan) üzrə xarici işlər katibi müsabiqəsinin qalibi seçilib.



Kareyrasına gəlincə, diplomat 1985-ci ildə Fransanın Vankuverdə (Kanada) yerləşən Baş konsulluğunun iqtisadi missiyası nəzdində olan milli xidmətdə işə başlayıb. Bir il sonra “Booz, Allen and Hamilton” strategiyası üzrə Şuranın Beynəlxalq kabinetinin konsultantı olub. Daha sonra “Club Mediterranee SA” qrupunun beynəlxalq inkişaf üzrə direktor müavini vəzifəsində işləyib.



Xarici İşlər Nazirliyində - BMT və beynəlxalq təşkilatlar üzrə idarəetmə, Protokol şöbəsində əmək fəaliyyəti ilə məşğul olub. 1997-ci ildə Baş nazirin beynəlxalq məsələlər üzrə Texniki müşaviri, 2002-ci idə Fransanın Sankt-Peterburqda baş konsulu, 2005-ci ildə Paris Bələdiyyə Başçısının beynəlxalq məsələlər üzrə məsləhətçisi, 2008-ci ildə isə Fransanın Münhendə baş konsulu vəzifəsində işləyib. Eyni zamanda diplomat BMT-nin 67-ci Baş Assambleyasında Fransa nümayəndə heyətinin baş katibi olub.



Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri təyin olunmamışdan qabaq Fransanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Stefan Viskonti fransız dili ilə yanaşı ingilis, rus, alman, isveç, gürcü və türk dillərində sərbəst danışır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti