Fransa mətbuatından Azərbaycana dəstək

Fransa mətbuatından Azərbaycana dəstək
  21 Oktyabr 2014    Oxunub:1681
Fransanın “ C4N“ saytında Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, incəsənətini, ədəbiyyatını, mətbəxini və turizm imkanlarını fransızlara daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi müxtəlif tədbirlərin davamı olaraq sentyabrın 19-dan 28-dək Parisin Vl rayonunda yerləşən Cen-Sülpis meydanında təşkil etdiyi “Azərbaycan şəhərciyi”ndən bəhs edən “Azərbaycan şəhərciyi“ sərgisi və yaxud Parisdə onu necə duymaq olar?“ sərlövhəli məqalə yerləşdirilib.
Son illər Azərbaycan-Fransa əməkdaşlığının inkişaf etdiyinə toxunulan məqalədə Parisdə təşkil olunan şəhərciyin nəinki paytaxt sakinlərinin, habelə şəhərin qonaqlarının ölkəmizin zəngin mədəniyyəti və ənənələri ilə yaxından tanış olmalarına imkan verdiyi, böyük maraq yaratdığı diqqətə çatdırılıb.

Məqalədə Azərbaycan günləri ətrafında yaranan qələbəliyin meydandakı nəhəng fontanın varlığını belə unutdurduğu qeyd olunub.

Odlar Yurdu kimi məşhurlaşan Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında daha qədim tarixə və mədəni irsə malik olduğu, həyat tərzini və ənənələrini tanıtmaq istiqamətində dünyanın bir çox yerlərində çoxlu sayda mədəni tədbirlər keçirdiyi xüsusi vurğulanıb.
Yazıda Şərq elementləri ilə Qərb dəyərlərini özündə cəmləşdirən və iki qitə arasında körpü rolu oynayan Azərbaycanın uzun illər Rusiya imperiyası və sonralar isə SSRİ tərəfindən işğal edilməsinə baxmayaraq qədim adət-ənənələrini qoruyub saxlamasından, ipək və yundan müxtəlif məhsulları, o cümlədən yüksək keyfiyyətli xalçaları ilə dünyada məşhur olmasından bəhs olunub.

Fransanın 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycan ilə ticarət və diplomatiya sahəsində sıx əməkdaşlıq qurduğu vurğulanan məqalədə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin Fransa və Azərbaycan xalqları arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

Məqalədə Sen-Sülpis meydanında “Azərbaycanın mədəni dəyərləri: Qafqazın mirvarisi” adlı şəhərcikdə XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı guşənin parislilər və qonaqlar arasında böyük maraq doğurduğu, ölkəmizin tarixi və mədəniyyəti barədə dolğun və aydın məlumat verdiyi qeyd olunub.

Azərbaycan incəsənət ustalarının biri-birindən maraqlı çıxışlarından, milli rəqslərimizin mahir ifaçılığından, caz musiqisinin oyatdığı xoş əhval-ruhiyyədən bəhs olunan məqalədə milli mətbəximizin nümunələrinin zənginliyinin doğurduğu təəssürat xüsusi vurğulanıb.
Məqalədə şəhərcikdə nümayiş etdirilən misgərlik məmulatları və haşiyələr, rəsm əsərləri, çaylar və müxtəlif növ şərablar, şirniyyatlar, Azərbaycanın tarixindən, mədəniyyətindən, turizm imkanlarından bəhs edən kitab və broşürlər barədə məlumatlar da yer alıb.
Sonda Heydər Əliyev Fondunun Azərbaycanın mədəni dəyərlərini fransızlara tanıtmaq istiqamətində keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

Məqalənin tam mətni ilə aşağıdakı ling vasitəsilə tanış olmaq mümkündür:

https://azvision.az/redirect.php?url=http://www.come4news.com/exposition-village-dazerbaidjan-ou-comment-reveiller-ses-sens-en-plein-paris-361969


Teqlər:





Xəbər lenti