Fikrət Məmmədov AŞPA sədri ilə görüşdü

Fikrət Məmmədov AŞPA sədri ilə görüşdü
  23 Sentyabr 2014    Oxunub:1126
Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasör ilə görüşüb.
Ədliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın Avropa Şurası ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə insan haqları, demokratiya və qanunun aliliyinə xidmət edən islahatlardan danışaraq bu prinsiplərin, həmçinin ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə əsas prioritet təşkil etdiyini və keçirilən tədbirləri qeyd edib.

Qonağa Avropa Şurasının iştirakı və dəstəyi ilə məhkəmə sisteminin və infrastrukturunun təkmilləşdirilməsi, hakimlərin Avropada ən şəffaf seçimi, habelə penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, yeni müasir cəzaçəkmə müəssisələrinin inşası üzrə və s. görülən tədbirlər barədə də məlumat verilib.

Ölkəmizə yenidən səfər etdiyindən məmnunluğunu bildirən qonaq Azərbaycan və Avropa Şurası arasındakı konstruktiv əməkdaşlığı qeyd edib, məhkəmə-hüquq sistemindəki yenilikləri məmnuniyyətlə qarşılayıb, vətəndaş cəmiyyətinin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və qeydiyyat prosedurları ilə maraqlanıb. A.Brasör penitensiar müəssisələrə baş çəkmək üçün imkan yaradılmasına görə minnətdarlığını ifadə edib.

Görüşdə, həmçinin ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövrünə təsadüf edən 2014-2016-cı illər üzrə qəbul olunmuş birgə Fəaliyyət Planının implementasiyasına, yeni layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, maraq kəsb edən digər suallara aydınlıq gətirilib.


Teqlər:





Xəbər lenti