Falçının qatili hüquqşünas çıxdı

Falçının qatili hüquqşünas çıxdı
  01 Aprel 2015    Oxunub:3596
Bakıda 17 gün əvvəl qətl törətmiş şəxs tutulub.
AzVision.az Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumata istinadən xəbər verir ki, martın 14-də saat 12 radələrində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Tahir Talıbovun paytaxtın Səbail rayonunda kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Məhəbbət Cahangirov martın 31-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla T.Talıbovun martın 14-də şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı M.Cahangirov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilmiş Tahir Talıbovun falçılıqla məşğul olduğu bildirilir.


Teqlər:  





Xəbər lenti