Evlənmək istəyən 415 nəfərdə sifilis aşkar edilib

Evlənmək istəyən 415 nəfərdə sifilis aşkar edilib
  06 May 2016    Oxunub:5147
1 iyun 2015-ci il – 30 aprel 2016-cı il tarixlərindən nikaha daxil olmaq üçün müayinədən keçmiş 6921 nəfərdə talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə QİÇS aşkar olunub.
Səhiyyə Nazirliyinin mətbuat ximətindən AzVision.az-a verilən məlumata görə, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Qanuna uyğun olaraq ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin may ayının əvvəlinə qədər müayinədən 130 min nəfər keçib.

1 iyun 2015-ci il – 30 aprel 2016-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkarlanıb.

Müayinədən keçmiş 6921 nəfərdə talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti