Evi yanan sakinlərə 20 min verilir

Evi yanan sakinlərə 20 min verilir
  22 May 2015    Oxunub:2628
Bakı şəhəri Binəqədi rayonunda yanan çoxmərtəbəli binanın sakinlərinə kompensasiya verilməsinə başlanılıb.
AzVision.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla birlikdə Binəqədi rayonundakı Səyyar “ASAN xidmət”ə gedən sakinlər kompensasiya verilməsi ilə bağlı arayışları alıblar.

Artıq sakinlər kompensasiyaları almaq üçün “Kapitalbank”a müraciət etməyə başlayıblar.

Xatırladaq ki, yanğından sonra binada kirayə qalan sakinlərin kompensasiya məsələsinə Bakı meri bir daha aydınlıq gətirib. Hacıbala Abutalıbov bildirib ki, kim evini kirayəyə veribsə, onlara kompensasiya verilməyəcək: "Hadisə zamanı kirayədə yaşayan zərərçəkənlər məhkəməyə müraciət etməli və həqiqətən də qonşuların şahidliyi ilə onların yanan binada yaşadıqları sübut olunmalıdır. Məhkəmə qərar verəcək ki, 20 min manatlıq kompensasiya kirayədə qalana, yoxsa ev sahibinə verilsin. Məhkəmə qərarına qədər 20 minlik təzminat nə ev yiyəsinə, nə də kirayədə qalan sakinə veriləcək".

Qeyd edək ki, Nazirlər Kabineti Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib.

Sərəncama əsasən, binada baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət almış bina sakinlərinin hər birinə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti