Etibar Pirverdiyevə 5 il möhlət verildi

Etibar Pirverdiyevə 5 il möhlət verildi
  04 Avqust 2015    Oxunub:2653
Nazirlər Kabineti “Azərenerji” ASC-yə vergi, faiz və maliyyə sanksiyalarına görə borcun ödənilməsi üzrə 5 illik möhlət verib.

Baş nazir Artur Rasizadə müvafiq sərəncamı 27 iyul 2015-ci il tarixində imzalayıb. Sərəncam imzalandığl gündən qüvvəyə minib.

Vergilər Nazirliyinə 2015-ci ilin dövlət büdcəsinin icrası üçün nəzərdə tutulmuş məbləğlər istisna olmaqla, “Azərenerji” ASC-nin balansından “Azərişıq” ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan vergi, faiz və maliyyə sanksiyalarının ödənilməsinə qanunvericiliklə müəyyən edilmiş qayda və müddətlər gözlənilməklə 2020-ci il 31 dekabr tarixinədək möhlət verilməsi üçün qanunamüvafiq tədbirlər görmək tapşırılıb. Vergi möhləti 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş məbləğə şamil edilmir.

Energetika Nazirliyinə “Azərenerji” və “Azərişıq” ASC-lərlə birlikdə 3 ay müddətində “Azərenerji” ASC-nin balansından “Azərişıq” ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan debitor və kreditor borclarının məbləğlərinin müvafiq təsdiqedici sənədlər əsasında dəqiqləşdirilməsini və balansa alınmasını təmin etmək tapşırılıb.

Maliyyə Nazirliyi isə Vergilər Nazirliyi və “Azərenerji” ASC ilə birlikdə “Azərenerji” ASC-nin kreditor borclarının tənzimlənməsinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli sərəncamına əsasən, sədri Etibar Pirverdiyev olan “Azərenerji” ASC-nin idarəçiliyindəki regional paylayıcı elektrik şəbəkələri “Azərişıq” ASC-nin balansına verilib. (trend)


Teqlər:





Xəbər lenti