Ermənistan “DQR”-nı tanıya bilməz - ANALİZ

Ermənistan “DQR”-nı tanıya bilməz - ANALİZ
  04 May 2016    Oxunub:4368
Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda qondar “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqda qanun layihəsinə baxmağı təklif edib. Təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandcyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.

Ermənistanın bu addımı rəsmi Bakının haqlı olaraq kəskin etirazına səbəb olub. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması İrəvanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır.

Qeyd edilib ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.

Rəsmi Bakı hesab edir ki, Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir.



Ermənistan XİN-dən məsələyə ikibaşlı münasibət

Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan açıqlama verərək bildirib ki, “Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil.

“Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq”, - deyə Köçəryan qeyd edib.

İrəvan növbəti dəfə Azərbaycanı “DQR” kartı ilə şantaj edib.

Şavarş Köçəryan açıqlamasında qeyd edib ki, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə “DQR”-in tanınması məsələsi gündəmə daxil ediləcək.



“DQR”-ın tanınması müharibəni qaçılmaz edir

Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan tərəfindən verilən bu bəyanat Azərbaycana təzyiq xarakteri daşıyır:

“Təzyiqlərin heç bir effekti yoxdur. Çünki, Azərbaycan tərəfi bildirdi ki, Ermənistan qondarma rejimi tanıyarsa, bu, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının dayandırılmasına səbəb olacaq. Belə bir vəziyyət iki ölkə arasında müharibənin başlamasına səbəb olacaq.

Məsələ gündəmə gələndən sonra Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın geriyə addım atdığını nümayiş etdirdi. O, bildirdi ki, “Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil, yeni əlaqələrin qurulmasına dair müqavilənin yaradılmasıdır. Yəni, beynəlxalq təpki, Ermənistanı sərsəm xəyallarından geri döndərib. Hesab edirəm ki, proses başqa bir formada, ikili əlaqələrin müqaviləsi zəminində qurulması ilə davam edəcək. Bu isə qondarma rejimin gələcəkdə tanınması kimi də yozula bilər”.



Q.Hüseynli bildirib ki, tanınmayan bir rejimlə müqavilə imzalamaq mümkün deyil: “Ermənilər vəziyyəti çox mürəkkəbləşdirdilər. Yəqin ki, bu prosesin heç biri baş tutmayacaq. Çünki, belə bir addım ölkədə müharibə məsələsini alovlandıra bilər”.

Politoloq, həmçinin qeyd edib ki, Ermənistan qondarma rejimi tanıyarsa, müharibə qaçılmaz olacaq: “Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Ermənistanın bunu etməməsi nonsens vəziyyəti yaradar. Beləliklə, Ermənistanı bütün dünya qınaq obyektinə çevirə bilər. Bu baxımdan hesab edirəm ki, Ermənistan heç vaxt qondarma rejimi tanıya bilməz”.



Politoloq Elxan Şahinoğlu də hesab edir ki, Ermənistan “DQR”nın müstəqilliyini tanısa, Qarabağ müharibəsi başlayacaq: “Ermənistan hakimiyyətinin bu siyasəti ona müsbət divident deyil, problemlər qazandıracaq. İrəvan Dağlıq Qarabağın “müstəqlliyini” tanıyarsa, Ermənistan beynəlxalq aləmin, o cümlədən Rusiyanın dəstəyini itirəcək. Əksinə, böyük dövlətlər İrəvanın bu siyasətini tənqid edəcəklər. Azərbaycan BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə səs verəcəklər. Bu da Ermənistanın mövqeyinin zəifləməsinə yol açacaq. Ermənistan hakimiyyətinin “DQR”nı tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaradacaq”.

Politoloq Elnur Sultanov bildirib ki, Ermənistanın qondarma “respublika”nı tanıması ona heç nə qazandırmayacaq, əksinə bu ölkəni zəiflədəcək.

“Bəzən iddia edirlər ki, tanınma məsələsi Ermənistanın əlində bir növ silahdır. Mövcud beynəlxalq münasibətlər sistemində bu məsələ qəbul edilən davranış sayılmır. Məsələn, ABŞ Kosovanı tanıdı və ardınca digər dövlətlər də ona qoşuldu. Burada siyasi güc bir növ məsələni həll etdi. Amma, Ermənistan kimi bir dövlətin tanıması həm normativ sistemlərə uymur, həm də anneksasiyavari bir məsələdir. Ona görə Ermənistanın tanıması, anneksasiya çağırışları olan bir hadisə kimi düşmən ölkənin əleyhinə işləyir”.



Siyasi ekspertlərin fikirlərindən aydın olur ki, Ermənistanın bu məsələni gündəmə gətirməsi Azərbaycan təzyiq məqsədi daşıyır. Ancaq, işğalçı ölkə anlamır ki, Azərbaycana qarşı tutduğu təzyiq, özünə qarşı əks təzyiqə çevrilir. Əgər Ermənistan bu avantüraya gedərsə, diplomatik müstəvidə Azərbaycanın mövqeləri daha da güclənəcək və torpaqların müharibə yolu ilə qaytarılması aktuallaşacaq.

Politoloqların dediyi kimi, Ermənistan işğalçı “DQR”ı tanısa, Azərbaycan buna müharibə ilə cavab verəcək. 4 günlük döyüşlərdən sonra Azərbaycan Ordusunun gücünə bələd olan Ermənistan yəqin ki, bu variantı seçməyəcək. Bu kontekstdə qeyd edə bilərik ki, Şavarş Köçəryanın etiraf etdiyi kimi, İrəvan “DQR”ın müstəqilliyini hazırki durumda tanıya bilməz.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti