Erməni əsir Sarkisyan rejimini ifşa etdi - VİDEO

Erməni əsir Sarkisyan rejimini ifşa etdi - VİDEO
  02 Sentyabr 2014    Oxunub:5273
Bir neçə gün öncə Azərbaycan tərəfə keçmiş Ermənistan vətəndaşı Sarkis Ananyan hazırda Müdafiə Nazirliyinin hospitalında müalicə alır.
Ermənistandakı iqtisadi vəziyyətdən qaçdığını deyən Ananyan yaşadığı Noyamberyan rayonunun onlarla sakininin imkansızlıq səbəbindən Azərbaycana üz tutmağa hazır olduğunu deyir.

53 yaşlı Ananyan Sarkis Norikoviç Ermənistanın Tavuş vilayətinin Noyamberyan rayonundandır. Müdafiə Nazirliyinin məlumatına görə avqustun 26-sı Qazaxın Kəmərli kəndi istiqamətindən könüllü olaraq Azərbaycan tərəfə keçib. Sarkisin sözlərinə görə, həyat yoldaşı 2008-ci ildə öldükdən sonra Noyamberyanda tək yaşayıb, xırda ticarətlə məşğul olub. Dolanışıq pis olduğundan 2 oğlundan biri Rusiyaya, digəri isə İrəvana çörək dalınca gedib. Lakin son vaxtlar maddi durumu daha da ağırlaşdığından Azərbaycana qaçmağa qərar verib:

"Dolanışıq çox pis idi, bunu Ermənistanda hamı bilir. Axır-axırda vəziyyət daha dözülməz olduğu üçün bezmişdim. Dedim ki, keçirəm Azərbaycana. Qardaşım oğluna məsləhət edəndə dedi ki, özün bilərsən, keçirsən keç", - deyə Sarkis Ananyan deyib.

Sarkis qardaşı oğlundan xahiş edib ki, yalnız Azərbaycan tərəfə keçəndən sonra oğlanlarına bu barədə məlumat versin. Axşam saatlarında piyada yola düşüb. Dediyinə görə, təxminən 8-10 kilometr piyada yol qət etdikdən sonra Qazaxın Kəmərli kəndi yaxınlığındakı postda azərbaycanlı əsgərlər tərəfindən saxlanılıb.

"Aclıqdı deyə hərə bir yolla qaçıb çıxır ordan. Kimin işi var qalır, işsizdirsə, mənim kimi məcburdu gəlsin bu tərəfə. Kəndlərin sərhədə yaxın hissəsi minalanıb. Həmçinin, çöl yolları minalayıblar. Noyamberyanda 8 min adam qalıb",- deyə girov söyləyib.

Sarkis Azərbaycanda saxlanma şəraitindən razıdır. Hazırda o Müdafiə Nazirliyinin hospitalında müalicə olunur: "Hər şey göz qabağındadır, mənə yaxşı baxırlar. Ayağımda problem var idi, burda kömək elədilər mənə. İstəyərdim ki oğlanlarımla əlaqə saxlayım. Başqa yemək, içmək, siqaretlə təmin olunmuşam. Mən əvvəllər azərbaycanılarla bir yerdə işləmişəm, ona görə az-maz Azərbaycan dilində bəzi sözləri bilirəm. Azərbaycanlı qonşularım da olub".

Sarkis Ananyan ayağında qüsur olduğundan orta məktəbi tam oxuya bilməyib. Hərbi xidmətdə də olmayıb. Hərbi xidmətdən danışmışkən, girov bildirir ki, heç kim Ermənistanda könüllü surətdə xidmətə yollanmır. Qarabağ bölgəsinə isə əsgərlər püşkatma yolu ilə xidmətə göndərilirlər. Sarkis Ananyan Ermənistana yalnız iqtisadi vəziyyət yaxşılaşacağı təqdirdə qayıdacağını deyir.




Teqlər:





Xəbər lenti