Erməni bayrağı altında Azərbaycan tarixi?

Erməni bayrağı altında Azərbaycan tarixi?
  03 Sentyabr 2015    Oxunub:7748
İndiki kimi yadımdadı, ötən əsrin 90-cı illərinin əvvəllərində indi restoran kimi fəaliyyət göstərən Xətai adına Mədəniyyət Evinin binasında yerləşən bir qəzetdə çalışırdım. Günlərin birində gördüm ki, binanın daxili həyətində yekə bir tonqal qalayıblar. Bu, Novruz tonqalı yox, kitab tonqalı idi...

Hə, hə, kitab tonqalı! Buranın kitabxana işçiləri həyətdə yalan olmasın, ikimərtəbə hündürlüyündə qalaqlanmış kitabları yandırırdılar. Yaxınlaşdım... İlahi, burada nə kitablar vardı... Alman, ingilis, rus, azərbaycan dilində dünyanın ən qiymətli kitabları. Bu kitabların niyə yandırıldığını soruşdum. Məlum oldu ki, tonqala atılan kitabların “günahı” onların sovet dövründə nəşr olunmaları və kommunist yazıçılar, ideoloqlar tərəfindən yazılmasıdır. Burada hansı müəlliflər yox idi? Marksdan, Engelsdən tutmuş, Romen Rollana, Henrix və Tomas Manna, Anna Zeqersə, Lui Araqona, hətta Stalinə, Leninə qədər... Və bu kitablar yandırılırdı... Etiraz etdim, az qaldı, məni vətən xaini çıxartsınlar... Bu zavallılar nə etdiklərini anlamırdılar.

...İndi bu əsrimizə qayıdaq. Azərbaycan tarixiylə bağlı bir kitab çıxır və onun mahiyyəti, içindəkilər kənara qoyulub, üstünün rəng fonu müzakirəyə çıxarılır. Guyamış, bu kitabın dizaynının əsasında Ermənistan bayrağı yapışdırıblar. Bunu hansı axmaq eləyə bilər, axı? Ancaq yox, hamı hay-küylə tökülüb bu kitabın üstünə və az qala deyir ki, onu əlinizə almayın, “zəhərlidir”! Bu zavallılar yenə anlamılrlar... Məhz ötən əsrdə kitabları yandıran zavallılar kimi... Heç dəyişməmişik...

...Nəysə, ATV.az bu məsələyə nöqtə qoymaq üçün araşdırmaya başladı. Əməkdaşlarımız, sağ olsunlar, maraqlı faktlar ortaya çıxardılar. Buyurun, oxuyun və kitabları söyməkdən qorxun! Günahdır!

İlham Tumas

"Bunu Ermənistan bayrağına bənzədənlərə ayıb olsun!"


“Didaktika” nəşriyyat evi tərəfindən satışa buraxılan “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının dizaynı son günlər sosial mətbuatda və cəmiyyətdə ajiotaja səbəb olub. Məsələnin mahiyyəti bundan ibarətdir: iddia olunur ki, kitabın üzlüyü Ermənistan bayrağı fonunda tərtib olunub. Bu barədə isə fikirlər ikibaşlıdır: bir qrup şəxs kitabın üzlüyünün Ermənistan bayrağındakı rənglərə uyğun olmadığını iddia etsə də, digər qrup isə əksini fikirləşir. Bununla bağlı aidiyyatı qurumlar məsələyə münasibət bildirsə də, biz məsələni geniş şəkildə araşdırmağa qərar verdik.

Bu barədə ATV.az-a məlumat verən kitabın müəllifi, “Zəngi” liseyinin tarix müəllimi Nərgiz Cəfərovanın sözlərinə görə, bu, təsadüfi rəng uyğunluğudur: “Sosial şəbəkələrdə yazılan məlumatları mən də oxudum. Təəssüf edirəm ki, zəhmətlə yazılan kitaba cəmiyyətimiz bu cür münasibət bildirir. Bu kitabın üz qabığının mənimlə heç bir əlaqəsi yoxdur. Nəşriyyat tərəfindən dizayn edilərək çap olunub. Məgər o rənglər bizim ölkədə qadağan olunub? Orda heç bir bayraqdan söhbət gedə bilməz. Kitabın üz qabığında qarışıq formada 5 rəng var. Bunu Ermənistan bayrağına bənzədən, bilməyərəkdən başqasını qınayanlara ayıb olsun! Mən kitabın içindəki yazılanlara cavabdehəm. Oxusunlar, əgər onun içində bir kəlmə artıq fikir tapsalar, müəllifi günahlandıra bilərlər”.

Məsələ ilə bağlı “Didaktika” nəşriyyat evi ilə əlaqə yaratdıq. Araşdırmadan sonra məlum oldu ki, nəşriyyat evi artıq üç aydır, kitabda qeyd olunan ünvandan köçürülüb. Nəşriyyatın Facebook saytında adını vermək istəməyən şəxsdən aldığımız məlumat isə belə oldu: “Mən nəşriyyatın səhifəsini idarə edirəm. Bəli, bu kitab bizdə əvvəl başqa dizaynda olub. Köhnə üzdə 1-ci rəng tünd albalı, 2-ci tünd göy, 3-cü rəng isə günəş sarısı və 4-cü rəng yenə tünd albalı rəngi idi. Yəni, bu rənglərin erməni bayrağının rəngləri ilə heç bir əlaqəsi yox idi. 6-7 ay əvvəl sözügedən kitabı piratçılıqla məşğul olan işbazlar kopyalayıb. Bu zaman rəng uyğunsuzluğu yaranıb.

Xüsusilə də sarı rəngdə. Bundan sonra ola bilsin ki, erməni bayrağı ilə oxşarlıq yaranıb. Ona görə kitabın üzü insanlarda ajiotaj yaratdı və 6 ay əvvəl bu məsələ sosial şəbəkələrdə qaldırıldı. Nəşriyyatımıza 100-150 nəfər şikayət etdi. Bununla bağlı dərhal tədbir gördük. Sonradan problem yaranmasın deyə kitabın üzünü dərhal dəyişdirdik. Artıq 6 aydır ki, mağazalarda göy, qırmızı, yaşıl rəngdə kitablar var. Ola bilsin ki, əvvəlki nəşrin kopyalanıb dəyişdirilmiş variantı hələ də işbazlar tərəfindən istifadə edilir. Buna görə də məsələ yenidən gündəmə gəlib. Amma hazırda nəşriyyatımızda o cür kitab yoxdur. Kitabın yeni dizaynı üçrəngli bayrağımızdır”-deyə bildirən şəxs, sözügedən kitabın yeni nəşrinin fotolarını ATV.az-a göndərdi.

"Hesab edirəm ki, bu özü də ən böyük təxribatdır”

Əməkdaşımıza açıqlama verən şəxs fikirlərini belə yekunlaşdırdı: “Məsələ 6 ay əvvəl açılıb və kiabın üzünün dəyişdirilməsinə qərar verilib. Halbuki, nəşriyyatın nəşr etdiyi kitab heç bir halda erməni bayrağının rəngi ilə uyğun deyildi. Yenə də, biz özümüzə borc bildik, bəzi insanlar səhv düşünür deyə dəyişdirdik. Məsələ öz həllini tapdı. İndi kitabın hansısa mağazada pirat versiyası qala bilər. Onu hər 6 aydan bir sosial şəbəkələrdə yayıb erməni bayrağını reklam etmək də düzgün deyil. Hesab edirəm ki, bu özü də ən böyük təxribatdır”.

Kodlar ayrıdır!

Bu araşdırmamızın sonu deyil. Məsələyə birdəfəlik nöqtə qoymaq üçün “Penguin” boyalarının rəng laboratoriyasına müraciət etdik. Sualımız sadə və konkret idi: “Kitabın duzaynında olan rənglər, doğrudanmı erməni bayrağıyla uyğunluq təşkil edir? Şübhə doğuran rənglər xüsusi aparatla yoxlanıldı və ən incə nüansa kimi rənglərin kodları bizə təqdim edildi. Beləliklə, əməkdaşlarımız Orxan Muxtarlının və Qəmər Canın bizə adıçəkilən şirkətin laboratoriyasından alıb gətirdikləri cavablarla, buyurun, siz də tanış olun.

Kitabda olan rənglərin kodları:

1. Göy - RAL5007
2. Sarı – S1070 –Y20R
3. Qırmızı- S3560 – Y80R

Lənətə gəlmişlərin bayraqfasonunda olan rənglər:

1. Göy – RAL5002
2. Sarı – RAL1037
3.Qırmızı – RAL3020

Dostlar, ermənidi, itdi-qurddu, ancaq bayraqların rəngləri konkret kodlarla olur! Kitabları söyməyin, günahdır!

Xəyalə Məmmədova, Natəvan Çavuş


Teqlər:





Xəbər lenti