Ərdoğanın İsrail və Rusiya həmləsi - Bakını sevindirən addım

Ərdoğanın İsrail və Rusiya həmləsi - Bakını sevindirən addım
  28 İyun 2016    Oxunub:7542
27 iyun 2016-cı il Türkiyə tarixidə iki mühüm hadisə ilə yadda qalır. Belə ki, İsrail və Türkiyə nümayəndələri bazar günü Romada keçirilən danışıqlarda münasibətlərin normallaşdırılması barədə razılığa gəliblər.
Türkiyənin baş naziri Binəli Yıldırım İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb. Baş nazir bildirib ki, iki ölkə arasında razılaşma artıq paraflanıb, sabah Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri ilə israilli həmkarı arasında sənəd imzalanacaq.

İmzalanmadan sonra sənəd Türkiyə Böyük Millət Məclisində və müvafiq olaraq İsrail Nazirlər Kabineti tərəfindən ratifikasiya olunacaq, bununla da, iki ölkə arasında münasibətlərin normallaşması prosesi rəsmən başlamış olacaq.

Baş nazir razılaşmanın bəzi detallarını açıqlayıb: "Sənəd ratifikasiya olunandan sonra hər iki ölkənin səfirlərinin fəaliyyəti aktivləşdiriləcək. 2010-cu ildən başlayan böhranın həllinin bu qədər uzun sürməsinin səbəbi Fələstinlə əlaqədardır. Biz Fələstin məsələsində də nəticələr əldə olunmasının tərəfdarı olmuşuq. Razılaşmada da bununla bağlı müddəlar var. Əsas məsələlərdən biri Qəzzanın su və elektrik enerjisi ilə təchizatıdır. İsrail bu müddəaya razılığını bildirib.

Razılaşmaya əsasən, İsrail "Mavi Marmara" gəmisində həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə ümumilikdə 20 milyon dollar təzminat ödəyəcək. Bu razılaşma ilə Fələstinə tətbiq olunan embarqo böyük ölçüdə aradan qaldırılacaq. Bununla yanaşı, iyulun 1-də 10 min ton humanitar yardım daşıyan Türkiyə gəmisi İsrailin Aşdod limanı istiqamətində hərəkət edəcək. Qəzzadə inşa olunan Türkiyə-Fələstin dostluq xəstəxanasının qısa vaxtda açılması da razılaşmada əksini tapıb.

Normallaşma əlaqələrimizin bütün sahələrinə təsir edəcək. Lakin əsasən iqtisadi əlaqələr və regional inkişafı əhatə edəcək. Əsas məqsəd Qəzzada insanların rahat nəfəs alması və rahat yaşamasıdır. Biz bununla sonuna qədər Fələstin xalqının yanında olduğumuzu ortaya qoyduq".



Baş nazir razılaşmasının üç əsas məqsədini bir daha diqqətə çatdırıb: "Razılaşma sənədi üç məsələ baxımından əhəmiyyətlidir. Birincisi, "Mavi Marmara" məsələsinə görə İsrailin Türkiyədən üzr istəməsi, ikincisi, gəmidə həlak olmuş Türkiyə vətəndaşlarına təzminat ödəməyə razılıq verməsi, üçüncüsü isə Fələstinə tətbiq olunmuş embarqonun yumşaldılmasıdır".

Bundan başqa, razılaşmada İsrail qazının Türkiyə üzərindən Avropa nəqli də əksini tapıb.

Digər bir mühüm hadisə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Su-24 qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməsidir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Türkiyə prezidenti bununla bağlı Putinə məktub ünvanlayıb. Peskov vurğulayıb ki, Ərdoğan məktubunda “üzr istəyirəm” ifadəsindən istifadə edib.

Türkiyə prezidenti bildirib ki, rəsmi Ankara Moskva ilə münasibətləri korlamaq istəmir. Ərdoğanın məktubunda o da vurğulanıb ki, Türkiyə “Su-24” təyyarəsinin həlak olmuş pilotuna görə, onun ailəsinə istənilən maddi və mənəvi zərəri ödəməyə hazırdır.

Sirr deyil ki, Türkiyə həm İsrail, həm də Rusiya ilə münasibətlərin korlanmasından xeyli zərər çəkib. O cümlədən İsrail və Rusiya Türkiyə ilə yaranan problemlərdən az itkiyə məruz qalmayıb. Görünən budur ki, bütün tərəflər münasibətlərin soyuq olmasından yorulub və sahmana salınması hər üçün maraq dairəsidədir.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, 27 iyun Türkiyə xarici siyasətində önəmli yerə malik olacaq: “Birincisi, Türkiyə-İsrail münasibətlərinin normallaşmasını saxlayan sənəd qəbul edildi. Əslində bu gərginliyə ehtiyac yox idi, hər iki tərəfin əsəbi addımları uzun onilliklərin strateji tərəfdaşlığına son qоymuşdu. İkincisi, eyni gündə Ankara Rusiya iqtiqamətində də vacib həmlə həyata keçirdi. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan faktiki vurulan təyyarərə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istədi, öldürülən pilotun ailəsinə başsağlığı verdi. Sonrakı mərhələdə Ankaranın öldürülən pilotun ailəsinə təzminat ödəyəcəyi də mümkündür.

Top yenə Rusiyanın meydanındadır. Kremlin özünü naza qoyması daha çox özünə ziyanlıdır. Rusiyanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin soyuq olduğu günlərdə yenidən Türkiyəni strateji tərəfdaş kimi qazanmaq şansı yaranıb”.

E.Şahinoğlu vurğulayıb ki, Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir: “Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail strateji tərəfdaşı, Rusiya isə tərəfdaşıdır. Hər 3 ölkə arasındakı münasibətlərin normal olması rəsmi Bakını mürəkkəb seçimdən qurtarır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti