Elnur Məmmədlidən aksiya açıqlaması

Elnur Məmmədlidən aksiya açıqlaması
  01 Mart 2015    Oxunub:2000
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli milli komanda üzvlərinin Bakıda etiraz aksiyası keçirməsinə münasibət bildirib.
İkiqat Avropa çempionu sportpress.az-a açıqlamasında həmkarlarının düzgün addım atmadığını deyib: “Mənə bu barədə deyəndə dedim ki, gəlin hər bir məsələni federasiyanın daxilində həll edək. Hər bir idman növündə narazılıq ola bilər. Bu, adi haldır. Amma əsas onu daxildə həll etməkdir. Bu mənada cüdoçuların düzgün hərəkət etmədiyini düşünürəm. Ola bilər nədənsə narazıdırlar.

Hazırlıq baxımından problem ola bilməz. İndi şəhərin mərkəzində gözəl bazamız var. Mən olimpiya çempionu olanda heç bazamız yox idi. Məvaciblərini alırlar. Bir-iki gün gecikmə hər yerdə olur. Xarici ölkələrdə hazırlıq keçirlər. Yaxınlarda Almaniyada Qran-Pri turnirində çıxış ediblər. Federasiya rəhbərliyi bu gün hər bir məsələni həll etməyə hazırlaşır. Çünki yayda hamımız Avropa Oyunlarında uğur qazanmaq istəyirik. Yeni iş həftəsində onlarla görüşüb bütün məsələləri müzakirə etməyə çalışacağıq”.

Qeyd edək ki, dünən etiraz aksiyası keçirən milli komandanın üzvləri Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov, Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edib.


Teqlər:





Xəbər lenti