Elman Mehdiyev kollegiya iclası keçirdi

Elman Mehdiyev kollegiya iclası keçirdi
  25 İyul 2014    Oxunub:971
Dövlət Sosial Müdafiə Fondunda 2014-cü ilin I yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan DSMF sədri Elman Mehdiyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin yüksələn xətlə inkişafı təmin edilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.

Bu əsasda Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ilin 6 ayında da uğurla davam etdirilib. E.Mehdiyev çıxışı zamanı 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

DSMF sədri ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin oktyabr ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının sığorta-pensiya sistemində elektron xidmətlər mövzusunda beynəlxalq konfransının Bakı şəhərində keçiriləcəyini diqqətə çatdırıb. E. Mehdiyev həmçinin bildirib ki, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində DSMF və Avropa İttifaqının birgə layihəsi fəaliyyətini uğurla davam etdirir.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2014-cü ilin I yarımilliyindəki fəaliyyəti ətraflı təhlil edilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti