Əliyevlə Sarkisyan yenidən görüşəcəkmi?

Əliyevlə Sarkisyan yenidən görüşəcəkmi?
  29 May 2016    Oxunub:3393
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Fransada keçiriləcəyi gözlənilir.

Fransa Strateji Araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyan hesab edir ki, İlham Əliyev və Serj Sarkisyanın iyun ayında nəzərdə tutulan görüşü Fransada baş tuta bilər.

Ermənistan tərəfi isə prezidentlərin növbəti görüşünə bir o qədər də maraqlı görünmür. Vyana görüşündən sonra rəsmi İrəvanın sərgilədiyi qeyri-konstruktiv mövqe, rəsmilərin təxribat dolu çıxışları ehtimal olunur ki, Əliyev-Sarkisyan görüşünü əngəlləməyə yönəlib.

Başda ölkə rəhbərliyi olmaqla erməni yetkililərin Vyana görüşünü təhrif etməsi prezidentlərin növbəti görüşünü sual altına qoyur.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan tərəfi Qarabağ danışıqlarında müsbət addım atmayacaq: “Aprel döyüşlərindən sonra cəmiyyətin müəyyən hissəsində belə bir gözlənti var idi ki, nəhayət Ermənaistan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaldacaq. Doğrusu, o zaman da optimist deyildim. Çünki, Ermənistanın hazırkı prezidenti separatizm dalğası üzərində hakimiyyətə gəlib, Azərbaycanda separatizmi başladan şəxslərdən biridir. Aydındır ki, təzyiq olmadan heç bir addım atmayacaq. Təzyiq isə yoxdur. Böyük dövlətlər Ermənistana heç bir təzyiq etmir. Ona görə də son günlər Ermənistan rəsmiləri ağıllarına gələni edirlər. Hətta xarici işlər naziri Nalbandyan daha uzağa gedərək deyir ki, Dağlıq Qarabağın “təmsilçilərinin” iştirakı olmadan heç bir sənədə imza atmayacaqlar. Guya Qarabağı Ermənistan qoşunları yox, yerli ermənilər işğal edib. Aydındır ki, bu demoqoqiyadır, təxribatdır. Belə bir şəraitdə danışıqlarda irəliləyiş olmayacaq”.



E.Şahinoğlu qeyd edib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü bir sıra suallar doğurur: “Maraqlıdır ki, xarici işlər nazirləri ilə görüşlər fərqli şəhərlərdə keçiriləcək. Həmsədrlər sanki turist səfərləri ilə məşğuldurlar. Halbuki, qarşı-qarşıya oturub məsələləri razılaşdırmaq lazımdır. Bu gedişlə prezidentlərin iyunun sonuna planlaşdırlan görüşündən real nəticə gözləmək olmaz. Çünki, prezidentlərin görüşündə nəticənin olması üçün masa üzərində təkliflər olmalıdır. Bu isə müşahidə edilmir”.

Politoloq hesab edir ki, prezidentlərin görüşünün baş tutub-tutmaması sual altındadır: “Prezidentlərin iyun ayının sonuna planlaşdırlan görüşü baş tutmaya bilər. Xarici işlər nazirlərinin görüşündə irəliləyiş olmasa, prezidentlərin görüşü baş tutmayacaq. Çünki, Azərbaycan prezidenti dəfələrlə deyib ki, imitasiya naminə görüşümür. Hətta, prezidentlərin görüşü olsa və nəticəsiz qalsa, aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı artacaq”.



Millət vəkili Elman Nəsirov isə fərqli düşüncədədir: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda prezident İlham Əliyev bəyan etdi ki, iyun ayında keçiriləcək görüşlərdə münaqişənin həlli ilə bağlı çox ciddi proseslərin reallaşması istisna deyil. Prezident bildirdi ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Ölkə başçısı vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesinin predmeti olmayıb və olmayacaq”.

Deputatın fikrincə, Vyana danışıqları bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsini əvvəlki qaydada idarə etmək mümkün olmayacaq. Yeni yanaşmalara böyük ehtiyac var və təkcə bəyanatlarla, regiona səfərlərlə münaqişəni həll etmək qeyri-mümkündür.

“Vyana danışıqları münaqişənin həlli ilə bağlı yeni prosesin başlanğıcıdır. İyun ayında prezidentlər arasında keçiriləcək görüşə böyük ümidlər var. Nəzərə alsaq ki, həmsədrlər mayın 31-də Azərbaycan xarici işlər naziri ilə, iyunun 2-də isə Parisdə Ermənistanın xarici işlər naziri ilə görüş keçirəcək. Bu konteksdə iyun ayında keçirilən görüşlərə böyük ümid var. Hazırda proseslər çox intensiv xarakter alıb və iyun görüşü çox suala cavab verməlidir”, - deyə E.Nəsirov vurğulayıb.

E.Nəsirov hesab edir ki, həmsədrlərin xarici işlər nazirləri səviyyəsində keçirəcəyi görüşdə prezidentlərin görüşü müzakirə olunacaq və detallar razılaşdırılacaq: “Prezidentlərin iyun görüşü son dərəcədə həlledicidir. Əgər, Ermənistan köhnə oyununu oynamaq yolunu seçsə, regionda irimiqyaslı müharibə labüddür. Buna heç kim təminat verə bilməz. Ona görə də qarşıdakı görüşlərdən nikbin nəticə gözləməyə dəyər”.



Prezident İlham Əliyev Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda bildirib ki, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dövlət başçısı bildirib ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

İlham Əliyev vurğulayıb ki, Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur:

“Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik”.

Ölkə başçısı çıxışı zamanı Vyana görüşünün uğurlu olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Vyana görüşündə əldə olunan razılığa görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan cari ilin iyun ayında növbəti görüşün vaxtını və yerini razılaşdıracaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə parametrlərin müzakirəsini davam etdirəcəklər.

"İyunda Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşün vaxtını və yerini razılaşdıracaqlar və Dağlıq Qarabağ probleminin yekun olaraq həlli parametrlərini razılaşdırmaq üzrə işi davam etdirəcəklər",-deyə Rusiya XİN rəhbəri Sergey Lavrov Vyana görüşünün yekununda bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti