Əli Kərimli ilə müavini arasında deputatlıq davası

Əli Kərimli ilə müavini arasında deputatlıq davası
  04 Avqust 2015    Oxunub:10458
Son zamanlar AXCP daxilində çəkişmələr səngimək bilmir. Parlament seçkilərinə doğru narazılıqlar daha da kəskinləşir. Xüsusən də AXCP rəhbərliyi ilə partiya funksionlerləri arasında Milli Şuranın 25 nəfərlik sonuncu iclasından sonra ciddi fikirayrılığı yaranıb.
Etibarlı mənbənin AzVision.az-a bildirdiyinə görə, Milli Şuranın iclasında AXCP sədri Əli Kərimlinin parlament seçkilərini boykot çağırışı deputat mandatı almaq istəyən cəbhəçilərin narazılığına səbəb olub.

Mənbənin sözlərinə görə, AXCP-nin bir çox funksionerləri parlament seçkilərində iştirak etmək istəsələr də, Əli Kərimli onlara imkan vermir. Hətta partiya sədri onlar qarşısında şərt qoyaraq bildirib ki, kimlərsə seçkilərə qatılmaq istəsələr, onlar partiyadan qovulacaq.



Milli Şuranın iclasından sonra cəbhəçilər arasında keçirilən qapalı görüşdə bu məsələ müzakirə olunub.

AXCP-dəki mənbənin bildirdiyinə görə, Əli Kərimlinin gənc müavini Əbülfəz Qurbanlının da partiyadan istefasının kökündə seçki narazılığı durur. Belə ki, deputatlığa namizəd olmaq niyyətində olan Qurbanlının bu addımı Əli Kərimliyə xoş təsir bağışlamayıb.

Gənc müavininin iddialı olduğundan ehtiyatlanan Əli Kərimli və tərəfdarları Ə. Qurbanlıya qarşı təzyiqlərə başlayıb. Bundan öncəki həmkarları kimi şantajla hədələnən Qurbanlı sakitcə istefa verərək partiyadan uzaqlaşıb.

Hətta ona xəbərdarlıq edilib ki, istefasından sonra Əli Kərimli haqda mənfi fikir bildirsə, sosial şəbəkələrdə, mətbuatda onunla bağlı ifşaedici məlumatlar dərc olunacaq.

Mənbə iddia edir ki, Ə. Qurbanlı AXCP-dən ayrılsa da qarşıdan gələn parlament seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətindədir.

Qeyd olunan məsələ ilə bağlı AzVision.az AXCP sədrinin sabiq müavini Əbülfəz Qurbanlı ilə əlaqə saxlayıb.

Ə. Qurbanlı açıqlamasında namizədliyi ilə bağlı xəbəri təkzib etməyib: “Hələlik bu barədə düşünmürəm. Ancaq, hər şey ola bilər. Ona görə də bu barədə danışmaq istəmirəm”.

AXCP rəsmiləri isə bu məsələ ilə bağlı fikir bildirmək istəməyiblər.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti