Eldəniz Quliyev küçə süpürür

Eldəniz Quliyev küçə süpürür
  29 May 2015    Oxunub:2576
Ziyalılar Birliyinin rəhbəri, müxalifətçi Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev məhkəməyə müraciət edib.

O, Nəsimi rayon 14 saylı mənzil-istismar sahəsində 480 saatlıq ictimai işə cəlb olunması barədə məhkəmə qərarının ləğvini istəyir. Nəsimi Rayon Məhkəməsi həmin qərarı daxili işlər naziri Ramil Usubovun iddiasına əsasən keçən ilin oktyabrında çıxarıb, apreldə Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Məhkəmə iyunun 1-də olacaq.

Məhkəmə Eldəniz Quliyevin 1000 manat ödəməsi haqda da qərar çıxarıb. Bundan başqa onun ölkədən çıxmasına da yasaq qoyulub.

Eldəniz Quliyev “Azadlıq” radiosuna müsahibəsində 10 günə yaxındır küçə süpürdüyünü deyib: “Artıq 10 günə yaxındır ki, mən hər gün Nəsimi rayonundakı 14 saylı mənzil-istismar sahəsinə gedirəm. Orada məni sanitar işlərlə məşğul olmağa cəlb ediblər. Hər gün saat 4-də gedib 4 saat bu işlə məşğul olmalıyam. Mən də gedirəm. Hər hansı bir iş olarsa, yerinə yetirirəm”.

E.Quliyev bu vaxta qədər gördüyü işlərdən də danışıb. Deyib ki, ona hər gün də olmasa hər halda iş tapılır və süpürgəçiliyi də yaxşı öyrənib: “Bu 10 günün içində peşəkarcasına küçə süpürməyi öyrənmişəm. Hər gün də olmasa, günaşırı bir iş tapırlar. Amma bunlar bəzən az qalır məni nəzarət altında işlətsinlər. Mən mətbuata xəbər vermirəm və bu işi görməkdən qətiyyən çəkinmirəm. Hesab edirəm ki, insan mübarizədə bərkiyir. Bu da mübarizənin bir formasıdır”.


Teqlər:





Xəbər lenti