ELSA uşaqlara hüquqlarını öyrədib

ELSA uşaqlara hüquqlarını öyrədib
  26 Yanvar 2015    Oxunub:3003
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası səyyar hüquqi yardım layihəsini həyata keçirib. Layihədə respublika ərazisində uşaqların məlumatlandırması əsas ideya olub. Layihə çərçivəsində ölkənin bir neçə regionunda məktəblilərə onların hüquqları və hüququn realizəsi, hüququn məqsəd və prinsipləri kimi movzularda təlimlər keçirilib.

“Səyyar hüquqi yardım” təlimlərinin 1-ci mərhələsi əsasən uşaq hüquqları ilə bağlı məsələləri ehtiva edib. Burada məqsəd onlara prinsipial hüquqi məqamlar haqqında izahatlar, şərhlər verilməsi, uşaqlarda ilkin hüquqi şüurun formalaşdırılmasından ibarət olub.

Təlimin əsas mövzuları uşaq hüquqlarının nə olması, mövcudluğunun zəruriliyini şərtləndirən amillər, uşaq hüquqlarının nəzəri və praktiki əsasları olub. Təlimdə “Uşaq hüquqları” konvensiyası (1959-cu il) kimi mütərəqqi sənədlərdən söz açılıb. Beynəlxalq təcrübəyə anoloji olaraq dövlətimizin də qəbul etdiyi “Uşaq hüquqları haqqında” qanunun əhəmiyyəti və vacibliyi təqdir edilib. Bu kontektsdə uşaqların mənafeləri, hüquqları, azaqlıqları, toxunulmazlığı, normal həyat fəaliyyətinin hüquqi əsasları, eyni zamanda vəzifələri kimi aktual məsələlər müzakirə edilib.



Təlimdə uşaqların əmək hüququ məsələsinə də xüsusi yer ayrılıb. Əmək məcəlləsinin 38-ci fəslində “yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri” başlığı altında qeyd olunmuş maddə və normalarda təsbit edilmiş bu və ya digər məsələlər müzakirə olunub.

Sonda uşaqların müzakirə olunan məsələləri daha yaxşı başa düşmələri və mənisəmələri üçün onlar işçi qruplarına bölünüb, yeni əldə etdikləri anlayışlar əsasında fikir mübadiləsi aparıblar.

ELSA Azərbaycan «ELSA for children», «Uşaqlar üçün ELSA» proqramı çərçivəsində əvvəllər də müəyyən işlər görüb. Layihənin həyata keçirilməsində əsas məqsəd uşaqların maarifləndirilməsi, onlarda ilkin hüquqi şüurun formalaşdırılması, uşaqların əsas hüquqlarının təbliği və onların müdafisəinin təmin olunmasıdır.


Teqlər:





Xəbər lenti