Dünyanın ən dərin gölü təhlükədə

Dünyanın ən dərin gölü təhlükədə
  25 Yanvar 2015    Oxunub:3050
Baykal gölündə suyun səviyyəsi 60 ildə ilk dəfə təhlükəli həddə enib.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, göldə suyun səviyyəsi il ərzində 40 santimetr aşağı düşüb. Bu səbəbindən gölün şərq sahillərinin 70 mindən artıq sakini zərər çəkə bilər. Bu ərazilərdəki quyuların suları artıq indidən quruyub, üzərində bir çox kəndin salındığı torf bataqlıqları yanmağa başlayıb, həmçinin balıqların kütləvi qırılması təhlükəsi yaranıb. Eyni zamanda, 230 min əhalisi olan Anqarsk şəhərinin istilik və su təchizatı da problemlərlə üzləşib.

Bir neçə gün əvvəl Rusiya Federasiyası hökumətinin fövqəladə hallar komissiyası Baykal rayonu ərazisində yüksək hazırlıq rejiminin tətbiq olunması barədə qərar qəbul edib.

Baykalda suyun səviyyəsinin enməsinə əsas səbəb kimi faydalı su axınının aşağı səviyyədə olması göstərilir. Bundan başqa, yay fəslinin quraqlıq keçməsi, payız aylarında intensiv yağıntının olmaması, gölün əsas arteriyası sayılan Selenqa çayının qollarına yaxın meşələrin qırılması da hazırkı vəziyyətə gətirib çıxaran amillərdən hesab edilir.

Qeyd edək ki, dünyanın ən dərin gölü olan Baykalın eni 25 kilometrdən 80 kilometrə qədər, dərinliyi 1620 metrdir. O, eyni zamanda, dünyanın ən böyük şirin su hövzəsidir.g


Teqlər:





Xəbər lenti