Dövlət Qulluğuna imtahan vaxtı açıqlandı

Dövlət Qulluğuna imtahan vaxtı açıqlandı
  26 Noyabr 2013    Oxunub:18256
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dekabrın 3-də dövlət qulluğuna qəbulla bağlı imtahanlara başlayacaq.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatı üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatları üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər iddia etdikləri vakant inzibati vəzifə üzrə nəzərdə tutulan test imtahanının tarixini və vaxtını seçməklə öz adlarını tapa bilərlər.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin edən “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı Komissiyanın internet saytında yerləşdirilib.

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti və Azərbaycanın müasir beynəlxalq münasibətləri sahəsində 15, qanunvericilik sahəsində 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığı üzrə bilikləri yoxlanılacaq.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın internet saytında yerləşdirilib.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdiriləcək.

Qeyd edək ki, 4, 25 oktyabr, 5 və 20 noyabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 95 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1046 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdir. Oktyabrın 4-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 4-də, oktyabrın 25-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 25-də başa çatıb. Noyabrın 5-də elan edilən müsabiqə üzrə qeydiyyat dekabrın 4-də, noyabrın 20-də elan edilən müsabiqə üzrə qeydiyyat isə dekabrın 19-da başa çatacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti