Dodağı şişirtmək niyə gözəllik sayılsın ki?..

Dodağı şişirtmək niyə gözəllik sayılsın ki?..
  09 Fevral 2016    Oxunub:7497
Səfurə Çərkəzqızı

...Heyrətlənmiş kimiydi, bunu üzünün yuxarıya doğru dartılmasından hiss eləyirdim. Amma gözləri bunu demirdi, bərəlməmişdi, qaşlarının uclarına sarı qıyılmışdı. Burnu! Orda nəsə çatmırdı, elə bil Allah onu yaradanda bir az diqqətsizlik eləmişdi, ya da düzəltdiyi yerdə fikrindən vaz keçmişdi. Boyalı dodaqlarısa ona göz qoyanlara öpüş göndərirdi elə bil.


Bəlkə də, buna görə, hamı gözünü ona dikmişdi. Qadın bu baxışların təsirindən cilvələnir, sarı, kürəyinə kimi tökülən saçlarını sol əliylə arxadan önə gətirir, telindən bir dəstə ayırıb yırğalana-yırğalana şəhadət barmağına dolayır, sonra ədayla yenidən geri-kürəyinə atırdı. Sifətindəki ifadələr ebru rəsmlərindəki rənglər kimi bir-birinə qarışmışdı: heyrət, öpüşmək ehtirası, cilvə, vecsizlik... Ətim çimçəşdi...

Onu ilk dəfə görsəm də, hər şey o qədər tanış, o qədər eyni idi ki!Onların hamısı bir-birinə oxşayırlar. Ata-anaları başqa-başqa olsa da, əkiz doğulanlar qədər bir-birlərinin təkrarıdılar. Dartılmış qaş-göz, dağ kimi dikələn yanaqlar, yarısı kəsilmiş burun, şişirdilmiş dodaqlar, qaynaq saçlar, vəhşi caynağına bənzəyən dırnaqlar... Eyni görünüş, eyni bəsitlik, eyni əttökən əda...

Müasir dünyanın əsəri - QONDARMA QADINLAR! Çoxları incə-mincə olsa da, onlar mənə həmişə şişirdilmiş broyler toyuqlarını xatırladır. Onların arasında bir bağlılıq var, hər ikisininin dadı iyrəncdi, məncə. Belə qadınlara nənəm demişkən, heç it də tamah salmaz. Amma kişilərimiz var ki, itdən də zövqsüzdülər.

Mən hələ də, başa düşə bilmirəm ki, bir kişi bir silekon dodağı necə öpə bilər? Nə hiss eləyər? Birdən Allah eləməsin, öpdüyü yerdə silikon partladı, dağıldı, nolar? Doğrudan ee, görəsən, noolar onda?

O dodaqları görəndə həmişə yadıma uşaqlığım düşür. Qohum-qonşunun uşaqlarıyla həyətdə “Qızıl bayraq”, “Qaçdı-tutdu” oynayanda hərdən toqquşub baş-başa dəyərdik. Onda doqaqlarımız şişərdi. İndiki silikon dodaqlar kimi. Anamız deyinə-deyinə dodağımızın üstünə buz qoyardı ki, şişi yatsın. Ağrımız səngiyəndə ağlamağımızı kəsərdik. Amma gözü güzgüyə sataşanda çirkin, yekə dodaqlarına baxıb ağlamayan uşaq tək-tük olardı. Dodağın bu qədər böyük olmağı o vaxt çirkinlik sayılırdı. Hələ, belə adamların ləqəbi də vardı: şəppədodaq filankəs... Heç birimiz şəppədodaq olmaq istəmirdik...

Nağıllar bizə küpəgirən, hiyləgər qarıları “alt dodağı yer süpürür, üst dodağı göy”- deyə tanıtmışdı. Belə qorxmuşduq qodağı yekələrdən.

“Qoşa badam sığmayan dar ağızlım...” Köhnə kişilər sevdiyini belə əzizləyərdi, belə sevərdi...

İndi nooldu da yekə ağızlıq gözəllik sayıldı? Nooldu da kişilərimiz şəppədodaq qadınlara bənd oldular?

Bilirəm, zövqü dəyişən təkcə biz deyilik, indi bütün dünya Donatella Versaçeyə, Bülənt Ərsoya oxşamaq çabasındadı. Onların sifətini yadınıza salın! Bax, o, Tanrının yaratdığını bəyənməyənlərin simasıdı!

İnsanlar “özünüyarat” azarına yoluxub. Hamı harasınınısa şişirdir. Axırda o qədər şişirdəcəklər ki, şar kimi havaya qalxacaqlar. Silikonlular göydə, silikonsuzlar yerdə yaşayacaq. Bir gün də göydəkilər partlayıb kəllə-mayallaq yerə çırpılacaqlar... Gülməyin, vallah, axırda bu qədər şişməyin bir xatası olacaq. Allah cəzamızı verəcək!

...Yadıma kənd-kəsəkdə gördüyüm, bəzəksiz-düzəksiz, yaranışdan gözəl qadınlar düşdü. Yerişi-duruşu, qaşı-gözü, ədası özününkü olan qadınlar...


Teqlər:





Xəbər lenti