Dərmanların reklamına qadağa qoyulur

Dərmanların reklamına qadağa qoyulur
  26 Oktyabr 2016    Oxunub:1562
Azərbaycanda dərman vasitələrinin reklamı məhdudlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitiasiya metodları reklam oluna bilər.

Yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitiasiya metodlarının reklamvericisi reklam istehlakçısına və reklam yayıcısına, onların tələbi əsasənda müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, məlumat tədqiqatlarının nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir.

Bundan başqa, dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.

Bundan başqa “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilir. Əvvəllər transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilirdisə, təklif olunan dəyişikliyə əsasən, reklamın tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayılmasına icazə veriləcək. “Dərman vasitələri haqqında” qanununa isə 16-1 maddəsinə dəyişiklik təklif edilir.

Eyni zamanda Səhiyyə Komitəsinin iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bu qanun psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir.

Qanun layihəsinə əsasən, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər. Psixoloji yardımın növləri psixoloji məsləhət, psixoloji korreksiya, psixoloji proflaktikadır. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir.

Psixoloji yardım alan şəxslərin arzusu ilə ona anonim göstərilə bilər. Mülkiyyət növündən asılı olmayaraq istənilən səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər məşğul ola bilərlər. Qanun layihəsi Milli Məclisin plenar iclasna tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti