Deputatlarımızı necə aldatdılar?

Deputatlarımızı necə aldatdılar?
  01 Aprel 2015    Oxunub:3240
1 aprel günü dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da zarafat, gülüş, aldatma günü kimi qeyd olunur. Bu gün insanlar bir-birləri ilə zarafatlaşır, biri digərini aldatmağa cəhd edir, ətrafındakı insanların üzündə təbəssüm yaratmağa çalışırlar. Bəs, maraqlıdır, Milli Məclisin deputatları “Aldatma günü”ndə kimlərə aldanıb və kimləri aldadıb?

AzVision.az bu mövzu ilə bağlı deputatlar arasında sorğu keçirib.

YAP təmsilçisi, deputat Aydın Mirzəzadə deyir ki, bu günə kimi 1 apreldə onu aldadan olmayıb:



“Məni 1 apreldə aldadan olmayıb. Eyni zamanda mən özüm də digərlərinə hörmətlə yanaşdığıma görə, 1 apreldə heç kəsi aldatmamışam”.

Xanım millət vəkili Jalə Əliyeva 1 aprel zarafatlarından ehtiyat etdiyini bildirib: “Yetkinlik yaşlarımda artıq bu zarafatlara inanmırdım, amma uşaqlıq yaşlarımda, bütün uşaqlar kimi daha çox aldanmışam. Belə deyək də, hər bir məktəblinin qorxa biləcəyi yalanlar olurdu, deyək ki, müəllim sənə iki verib, və yaxud sevindirmək üçün, ən çox qorxduğun müəllimin bu gün dərsi yoxdur və digər zarafatlar. Hamı bu zarafatlara sevinirdi, sonra da məlum olurdu ki, yalandır. Belə deyək də, heç kimə zərəri toxunmayan sıravi, sadəlövh uşaq zarafatları idi. Böyüyəndən sonra isə xatırlamıram aldanmağımı”.



Bu gün maraqlı gündür...

Deputatın sözlərinə görə, bu günə kimi heç bir insanla bir aprel zarafatı etməyib: “Mümkün olduqca insanlar bir-birlərinə ona xoş ola biləcək yalanlar uydurub deməyə çalışırlar. Amma mən həmişə ehtiyat etmişəm ki, hansısa zarafatımla boş ümid vermiş ola bilərəm, kimisə həyəcanlandıra bilərəm. Ona görə də heç bir insana 1 aprel zarafatı etməmişəm. Daha çox qızım çalışıb məni hər il 1 aprel günü aldatsın. Onlara da inanmamışam təbii ki. Nə deyim, gündü də, uydurulmuş bir gündü. Hər halda insanlara sevinc bəxş olunan bir gündür, pis gün deyil. Amma mən arzu edirəm ki, hər bir vətəndaşımızın həyatında yalandan deyilən hansısa xoş xəbər həqiqətə çevrilsin”.

Millət vəkili Fazil Mustafa isə 1 aprel zarafatlarına həmişə hazırlıqlı olduğunu deyir:



“1 aprel günü zarafat etməyi xoşlamıram. Bilirəm ki, bu gündə o zarafat, ciddi- tam başqa əsaslarla edilir. Ona görə özümü hazırlıqlı tuturam. Hər hansı bir zarafat olanda başa düşürəm ki, 1 aprel günü ilə bağlıdır. Özüm də çalışıram zarafat eləməyim. Çünki, insan inamını itirə bilər. Birdənbirə nəsə deyərsən, aldanmış vəziyyətə düşər, yaxşı alınmaz”.

AzVision.az



Teqlər:  





Xəbər lenti