Deputat ticarət mərkəzi tikdirir? - FOTOLAR

Deputat ticarət mərkəzi tikdirir?  - FOTOLAR
  28 Avqust 2014    Oxunub:12565
Bakının mərkəzində yerləşən keçmiş Nərimanov kinoteatrının yerində ticarət mərkəzinin tikilməsi haqda əvvəlcədən xəbər vermişdik.

Mədəniyyət ocağının yerində ticarət obyektinin tikilməsi nə qədər ilginc görünsə də bu reallıqdır. Vaxtilə sevə-sevə kino izləmək üçün üz tutduğumuz bu məkan ötən ilin iyulundan tarixin saralmış səhifələrinə qovuşub.



İndi onun yerində ticarət mərkəzi tikilir. Daha doğrusu tikilirdi. Bir neçə vaxtdır ərazidə tikinti işləri dayandırılıb. Səbəbini bilməsək də dördbir tərəfi hasara alınan ərazidə qoyulan reklam lövhəsindən də göründüyü kimi ticarət mərkəzinin bu ilin avqust ayında təhvil verilməsi planlaşdırılmış.

Ticarət mərkəzinin sahibinin kimliyi ilə bağlı AzVision.az-a maraqlı məlumat daxil olub. Bildirilir ki, tikilməkdə olan obyekt millət vəkili Əmhəd Vəliyevin yaxın çevrəsinə məxsusdur.

Məlumatı dəqiqləşdirmək üçün tikinti aparılan əraziyə baş çəkdik. Obyektə mühafizəçidən başqa heç kim yox idi. Jurnalist olduğumuzu bilən mühafizəçi təşvişini gizlətməyərək bizdən qaçmağa çalışırdı.

Soruşanda ki, “tikinti nə üçün dayandırılıb?” adını açıqlamayan şəxs sualımızdan yayınaraq bu haqda heç nə bilmədiyini deyir.

Daha sonra obyektin sahibinin kimliyini öyrənmək istəyəndə həmin şəxs ərazidən uzaqlaşaraq narahat etməməyimizi bildirdi.



Tikinitin sifarişçisi “Vulkan-S” MMC və layihə rəhbəri kimi “AS-KO” MMC-nın adı qeyd edilir. Podratçı şirkət isə “Minera” MMC-dir. Bu haqda kinoteatrın ərazisində qoyulan reklam lövhəsində də məlumat yerləşdirilir. Qəribədir ki, Minera” MMC ilə əlaqə saxlasaq da şirkətdən tikintinin niyə yarımçıq qalması ilə bağlı məlumatsız olduqlarını dedilər.

Ticarət mərkəzinin deputat Əhməd Vəliyevin çevrəsində məxsus olması haqda xəbərlər heç də təsadüf görünmür. Tikinti aparılan ərazi deputata məxsus olduğu deyilən “Oksigen” klinikasının düz qarşısındadır.



PS. Mövzunu diqqətdə saxlayacağıq.

Fatimə Kərimli
Fotolar: Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti