Davudoğlu əslində niyə istefa verdi? - Operativ şərh

Davudoğlu əslində niyə istefa verdi? - Operativ şərh
  05 May 2016    Oxunub:21266
Türkiyənin baş naziri Əhməd Davudoğlu vəzifəsindən və AKP rəhbərliyindən istefa verdiyini bəyan edib. O, istefasının səbəbini konkret açıqlamayıb.

Davudoğlunun mətbuata verdiyi açıqlama bunu deməyə əsas verir ki, onun istefası prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən irəli gəlir:

“Ədalət və İnkişaf Partiyasının son iclasında qəbul edilən qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olaraq məni razı salmayıb. Heç vaxt vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: “Yoldan öncə yol yoldaşı”. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim”.

Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasındakı gizli davanın gerçək səbəbi nədir?



Politoloq Elxan Şahinoğlu hesab edir ki, Davudoğlunun istefası Türkiyə prezidentiin artan xarixması ilə bağlıdır: “Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dövrdəki kimi siyasi proseslərdə fəal iştirak edir. Hətta müxalifəti də tənqid edir. Halbuki Türkiyədə prezident siyasi partiyalarla bərabər məsafədə olmalıdır. Ərdoğanın baş nazirin müəyyən səlahiyyətlərinə müdaxiləsi, təyinatlarda öz sözünü deməsi Davudoğlunun xoşuna gəlmirdi. Ona görə də yolları ayırmaq qərarına gəliblər”.

E.Şahinoğlu xatırladıb ki, Türkiyədə parlament seçkiləri öncəsi də bu iki şəxs arasında müəyyən fikirayrılığı olub: “Əhməd Davudoğlu istəyirdi ki, partiya siyahısında MİT başqanı Hakan Fidan da yer alsın. Son anda Ərdoğan bunun əleyhinə çıxdı və Fidanın MİT-də qalmasını lazım bildi. Görünür, Ərdoğan Davudoğlunun işinə müdaxilə etdiyi üçün aralarında soyuqluq yaranıb”.



Politoloq vurğulayıb ki, Davudoğlu baş nazir olduğu iki il ərzində daxili və xarici siyasətdə ciddi uğur qazana bilməyib: “Davudoğlunun “qonşularla sıfır problem” adlı konsepsiyası da işə yaramadı. Əksinə Suriya və Rusiya ilə münasibətlər kəskin pisləşdi. Eyni zamanda Davudoğlu Ərdoğan qədər populyar siyasətçiyə çevrilmədi, inandırıcılıq qabiliyyəti də zəifdir. Davudoğlunun professor kimi nəzəri bilikləri bəlkə də Ərdoğandan güclüdür. Amma, siyasət başqa sferadır. Burada nəzəri biliklər azlıq təşkil edir. Siyasətdə praktika və insanları inandırmaq qabiliyyəti önəmlidir. Görünür, bu xüsusiyyətləri az olduğundan Ərdoğan onun getməsinə qərar verib”.



Politoloq Qabil Hüseyli isə bildirib ki, Davudoğlunun istefa qərarının verilməsinə səbəb baş nazirlə prezident arasında narazılığın yaranmasıdır: “Türkiyədə baş verən proseslər bu ölkədə demokratiyanın yetkinliyinə şübhə yaradır. Hesab edirəm ki, baş nazirlə prezident arasındakı ziddiyət yeni konstitusiyada prezident idarə üsuluna keçməklə bağlıdır. Parlamentin son iclasında bu məsələ müzakirə olunarkən dava düşdü. Bu, Türkiyənin nüfuzdan salan bir hadisə idi.

Ərdoğanın istəyi Atatürkdən qalan siyasi sistemini dəyişərək, baş naziri səlahiyyətsiz bir şəxsə çevirməkdir. Ziddiyətlər də bu səlahiyyətlər davasından qaynaqlana bilər”, - deyə Q.Hüseynli vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti