DİN-dən RATİ-nin direktor müavini ilə bağlı açıqlama

DİN-dən RATİ-nin direktor müavini ilə bağlı açıqlama
  29 Yanvar 2015    Oxunub:1682
Daxili İşlər Nazirliyi (DİN) RATİ-nin direktor müavini Günay İsmayılovanın yaşadığı evin girişində hücuma məruz qalması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, adi bir kriminal hadisənin zorla siyasiləşdirilməsi yolverilməzdir.

Onun sözlərinə görə, bu il yanvarın 26-da saat 20:15 radələrində yaşadığı binanın girişində naməlum şəxs arxadan G.İsmayılovanın boğazından tutaraq özünə tərəf çəkmək istəyib, lakin sonuncunun qışqırması ilə həmin adam qaçaraq oradan uzaqlaşıb.

Bu barədə DİN-in «102» xidmətinə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində hadisə qeydə alınıb və araşdırma aparılıb: “Hadisənin guya polisdə qeydiyyata alınmaması barədə səslənən fikirlərin heç bir hüquqi əsası yoxdur. Günay İsmayılova izahatında hadisəni ətraflı təsvir edib. Bu zaman xəsarət almadığı üçün o, məhkəmə-tibbi müayinəsindən keçməkdən imtina edib”.

O. Mansurzadə qeyd edib ki, yanvarın 28-də faktla bağlı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, Nizami RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır: “Məsələyə zorla siyasi don geydirilməsi əlbəttə ki, qəbuledilməzdir. Bu, adi bir kriminaldır. Cinayəti törətmiş şəxsin müəyyən edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, son günlər bəzi KİV-də RATİ-nin direktor müavini Günay İsmayılovaya yaşadığı evin blokunda hücum olması barədə məlumatlar yayılıb. Həmin məlumatlarda bunu onun peşə fəaliyyəti ilə əlaqələndirərək həyatına sui-qəsd kimi qeyd ediblər.


Teqlər:  





Xəbər lenti