Cinayətkar Baqramyan şəbəkəsinin hərbi strukturu – ARAŞDIRMA (II yazı)

Cinayətkar Baqramyan şəbəkəsinin hərbi strukturu – ARAŞDIRMA (II yazı)
  28 May 2016    Oxunub:3539
Yazının əvvəli BURADA

...Araşdırmalara görə, Gürcüstanın Abxaziya bölgəsində “Şaumyan” adlı bir ərazi vahidi yoxdur. Şaumyan hazırda düşmən işğalından azad edilən Goranboyun dağlıq hissəsidir. Buna qədər isə, Qarabağda qüvvələrimizə qarşı döyüşən ermənilərin bir hissəsinin Abxaziyada gürcülərə qarşı döyüşməsini bildirmişdik. Nəticədə, Vağarşakın həmin bölgənin adını çəkməsi bizə bir sıra məsələləri dəqiqləşdirmək imkanı da verəcək.

Beləliklə, 1993-cü ilin yanvar, fevral və mart ayları ərzində formalaşan Baqramyan batalyonunda erməni döyüşçüləri təntənəli şəkildə and içir. Əsasən Krunkun , o cümlədən Maştotsun liderliyində yaradılan batalyonda ilk andı Krunk lideri Albert Topolyan içir. Qeyd etmək lazımdır ki, Maştotsdan fərqli olaraq, Krunkun seperatçı rejim daxilində çox güclü dayaqları vardı. Fevralın 9-da keçirilən yığıncaqda seperatçı rejimin “xarici işlər naziri” Sergey Şamba da iştirak edir.

Həmin gün, Ardzinba tərəfindən batalyon komandanlığı və şəxsi heyəti də təsdiq edilib. Komandir baş leytinant Vağarşak Kosyan, komandir müavini Gevorq Markoryan, kadrlarla iş üzrə komandir müavini baş leytenant Suren Minosyan, silahlanma ilə bağlı müavin baş leytinant Sedrak Çolokyan, təchizat komandir müavini starşina Sergey Zabelyan, batalyon qərargah rəisi Levon Markaryan təyin edilib. Göstərilən şəxslər yüksək hazırlıqlı və idarəetmə qabiliyyətinə malik olub, vaxtilə SSRİ silahlı qüvvələrində xüsusi bölmələrdə xidmət edib.

Vağarşak Kosyan bildirir: “Bizdə sovet ordusunun peşəkar zabitləri var idi. Bu baxımdan mənə asan idi. Bilmədiyim məsələlərlə bağlı nə zaman müraciət edirdim o zaman da istədiyimi ala bilirdim...”

Markaryan Lenya Levonoviç SSRİ Hərbi-Kosmik Qüvvələrin təqaüdçü polkovniki olub. O, 1989-cu ildə III-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeninə layiq görülüb. Abxaziyada anadan olan Markaryan hemşinlilərin Türkiyədən köçü zamanı məskunlaşan erməni ailələrinin nəsillərindəndir. Sovet ittifaqında uzun müddət xidmət etdikdən sonra, 1990-cı ildə Gürcüstanın Abxaziya bölgəsinə gəlir. Bir neçə ay ərzində, Abxaziyada müharibə başlayana qədər, öz məskunlaşdığı bölgədə təxribatçı dəstə yaradır və ona rəhbərlik edir. Qısa müddət ərzində Levon Markaryan, erməni batalyonunun formalaşdırılması işinə qoşulmaq üçün dəvət olunur.

Bu haqda Levon Markaryan bildirir: “Ermənistan silahlı qüvvələrinin yaradılması yalnız Ermənistanda deyil, ermənilərə sığınacaq olan xarici vətəndə (Ermənistan nəzərdə tutulur – Ş.Q) ermənilər üçün də mühüm əlamətdar hadisədir. Və biz, Abxaziya Respublikasının ərazisində yaşayan ermənilər Abxaziyanı öz vətənimiz hesab edirik...deyilən faktlarla qürur duyuram”.

Markaryan şəxsən erməni batalyonunun Gürcüstana qarşı müharibədə iştirakı üçün əlindən gələni əsirgəməyib. Məaliyyə, geyim, qida və digər ləvazimatlarla qaniçən batalyonu təmin edib. Gürcüstanı işğalçı, Abaziyanı vətən adlandıran yüksək rütbəli erməni göründüyü kimi bundan xüsusilə məmnundur.

“Demək istəyirəm ki, müharibə zamanı insanlar çox məsuliyyətli olur, mahiyyətini dərk edir. Bunu çubuq altında deyil, Vətən naminə, onun uğrunda edirik. İnsanlar bir məqsəddən ilham alıblar – Abxaziyanı işğalçılardan azad etmək...” – deyə Levon Markaryan bildirir.

Beləliklə, dağınıq erməni bölmələri vahid batalyon ətrafında birləşdirildi. Müxtəlif növlü silahlar və sistemlərdən istifadə təbii ki, ilkin formalaşan batalyon həcmi üçün kifayət qədər çox deyildi. Araşdırmalara görə, fevralın 11-də komandirlər batalyonunun gələcək dislokasiya yerinə, rayonun Tsandripş qəsəbəsinin internat məktəbi sahəsinə gəlib. Bölmə komandirləri bölgəyə batalyon şəxsi heyətinə qeydiyyata düşmək üçün döyüşçüləri ilə birgə gəlib. Yuxarıda göstərildiyi kimi, batalyonun şəxsi strukturu əsasən Qaqra mahalında yaşayan ermənilərə əsaslanırdı. Rayonun erməni əhalisi ilə yanaşı batalyona, gürcü nəzarətindəki ərazilərdə məskunlaşan ermənilər də daxil olub. Batalyon etnik tərkibinə görə əsasən ermənilərdən ibarət olsa da, onlarla yanaşı abxaz, rus, kabardin, etnik almanlar və yunanlar da gürcülərə qarşı döyüşüb. Araşdırmalara görə, batalyon Qudautada Rusiyaya məxsus zenit alayından hələ, 1992-ci ilin avqust və sentyabr aylarında abxazlara verilən silahlarla təmin edilib.

Batalyon daxilində koordinasiyanı təşkil edən və onun nəqliyyat vasitələri ilə təmin edilməsini isə Sergey Zabelyan edib. Belə ki, Zabelyanın vasitəçiliyi ilə Artur Asaturyanın seperatçı qüvvələrdən və ruslardan aldığı nəqliyyat vasitələri hesabına avtomobil tağımı yaradır. Bu kimi fəaliyyətlərdə xüsusən Hovhannes Daşyan, Sergey Papazyan, Robert Xalayçev, Harutyun Melkonyan, Karapet Minasyan adlı şəxslər mühüm rol oynayıb.



Təbii ki, digər məsələlərlə yanaşı, texnika və silah-sursat alınması birbaşa diasporun nəzarəti altında həyata keçirilib. Erməni batalyonunun yaradılması ideyasına Maştots, gizli təşkilat rəhbərləri, o cümlədən Krunk rəhbəri Albert Topolyanla yanaşı, Qaqra qarnizon rəisi Dopua Quram Xoneloviç də birbaşa dəstək verib. Batalyona erməni icması nümayəndələri, iş adamları, məsələn Qaqradan Sergey Çakryan və digər nüfuzlu şəxslər maliyyə və təchizat yardımı ediblər. Belə ki, Suxumidən olan, hazırda isə Moskvada yaşayan Saturyan qardaşlarının rəhbərlik etdiyi Tiko adlı Rusiya kommersiya bankı batalyonun təchizatında xüsusi rol oynayıb.

Aparılan araşdırımanı daha da dərinləşdirdikdə batalyon şəxsi heyətinin avtotağım rəhbərindən başlayaraq, tibb xidməti işçilərinə qədər kimliyini müyyən edə bildim.
Belə ki, avtotağım rəhbəri K.Minalyan, minaatan batareya komandiri Z.Kalaydjyan, onun müavini L.Selvyan, qumbaraatan tağım komandiri İ.Tarba, batalyonunun xüsusi şöbəsinin müdiri Qumba İqorya Anatoliyeviç (seperatçı rejimin leon ordeni ilə təltif edilib) təyin edilib.

Tank əleyhinə tağımın komandiri Raqanyan Vaqan Anuşavanoviç (seperatçı rejim qəhrəmanı), kəşfiyyat tağımında ilkin olaraq Pak, ardınca T.Kalaydjyan, rabitə tağımına Ayk Ustyan, “Zenitka” Tank əleyhinə tağım komandiri K Keşyan, “Zenitka” sürücüsü Avidzba Karlo, maddi təminat M.D.Danielyan, birinci rota komandiri Sarkis Karekyan, müavin Nşan Ustyan, ikinci rota komandiri Nşan Karagözyan, ardınca onun qardaşı Karapet Karagözyan, üçüncü rota komandiri Sergey Tomasyan, ardınca Qalust Trapizonyan (seperatçı rejim qəhrəmanı), tibb bacıları Lamara Cvijba, Zirafina Dzapşba, Sveta Karagözyan, Xalbad Rimma (Sara), Sveta Almeşeva, Xaraziya Lyalya, Aqrba Nina, Marina Minosyan, Qablia İnqa (Eşerdə ölüb) və sanitar təlimatçısı Aram Kinosyan olub.

Tibb xidmətinin rəisi Harut Çakıryan, qida rəisi S.İ. Çakryan, 1993-cü ilin mayına qədər batalyon komissarı Suren Minasyan, ardınca Harutyun Terzyan (seperatçı rejimin qəhrəmanı elan edilib) olub. İyul 1993-cü ildə A.Terzyan Çukurovkada yaralandıqdan sonra komissar V.A.Tatulyan təyin edilib.

Araşdırmalara görə, ilk batalyon komissarı Suren Minasyan Taçatoviç müharibədən öncə, Alaxadzi orta məktəbində hərbi təlimatçı işləyib. Toplantıların birində çıxış edən Vağarşak və Zabelyan ermənilərə Minasyanı daxili qoşunların ehtiyat zabiti, erməni “Maştots” cəmiyyətinin sədri kimi təqdim edir. Üç gün sonra o batalyon komissarı vəzifəsində bölmələrin yaradılmasında iştirak etməyə başlayır. Suren hərbi komissarlıqdan döyüşçülərin seçilməsi, döyüş əməliyyatları üçün kadrların hazırlanması ilə məşğul olub. Bölgənin kalxoz və savxozları isə batalyonun ehtiyyaclarını qarşılayıb. Müharibə zamanı döyüşlərdə həlak olan erməni ailələrini isə Sergey Zebelyan, Levon Markaryan və X.T.Minasyan diaspordan göndərilən məaliyyə hesabına susdurmağı bacarıb.

Müharibə zamanı ikinci Barqamyan batalyonu müharibənin sonuna yaxın, 1993-cü ilin sentyabr hücumuna qədər yaradılıb. Vahid komandanlığı birinci erməni batalyonunda keçmiş komandir müavini olan mayor Gevork Markaryan (seperatçı rejimin leon ordeni ilə təltif edilib) edib. Artıq, 1993-cü ilin iyun ayında Markaryan digərinə nisbətən daha kiçik, 160 nəfərlik ikinci Baqramyan batayonunun komandiri olub. Batalyonu komandir müavini Gevork Meletyan, təhcizat rəisi M.D.Danelyan, komissar D.Q.Matulyan, bölük komandiri S.B.Paxlyan olub. Gevork Markaryan həmçinin komissar funksiyalarının həyata keçirilməsinə də başçılıq edib.

Yuxarıdakı faktlardan göründüyü kimi, Baqramyan batalyonu bir qrup təsadüfi və silahlı insanların birliyi deyildi. Şahidlərə, Gürcüstan Baş Prokurorluğu, təhlükəsizlik və kəşfiyyat orqanlarının məlumatlarına görə, batalyon müharibə zamanı ifrat qəddarlıq göstərib, gürcülərə qarşı soyqırım və etnik təmizləmə əməliyyatlarında fəal iştirak edib. Bunu, Gürcüstan Baş Prokurorluğunda saxlanılan, Abxaziyada müharibə zamanı sivil gürcü əhalisinə qarşı törədilən cinayət aktları haqqında 200 səhifəlik materiallar da təstiqləyir.

Araşdırmalara görə, Abxaziya müharibəsində ən dəhşətli cinayət aktları erməni Baqramyan batalyonuna aiddir. Həmin sənədləri araşdıran tədqiqatçılar Baqramyanı bölgədə yerləşən digər qruplarla müqayisə etmək bir yana, onun Ermənistanla sıx təşkilati strukturda birləşməsini və geniş şəbəkə tərəfindən idarə olunmasını bildirir. Bu baxımdan, “Baqramyan” yalnız batalyon olaraq deyil, Ermənistan və Ümumerməni diasporu tərəfindən təşkilatlandırılan, güclü xarici əlaqələrə, xüsusi gəlir mənbələrinə, öncədən planlaşdırılan məqsədlərə malik cinayətkar struktur kimi qiymətləndirilməli və yuxarıda göstərilən şəxslərin hər biri etdiyi cinayət aktlarına görə gürcü xalqının qarşısında cavab verməldir.

Şahin QOCAYEV
AzVision.az üçün





Teqlər:  





Xəbər lenti