CİA ABŞ rəhbərliyini Qarabağla bağlı necə aldadıb? – ARXİV SƏNƏDLƏRİ

CİA ABŞ rəhbərliyini Qarabağla bağlı necə aldadıb? – ARXİV SƏNƏDLƏRİ
  19 Yanvar 2017    Oxunub:11313
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi yarım əsrlik fəaliyyətinin nəticəsilə bağlı toplanan arxivləri açıqlayıb. 1940-1990-cı illəri əhatə dövrə aid 13 milyon sənəd internetdə yerləşdirilib.

Açıqlanan arxivlərdə Vyetnam və Koreya savaşları, soyuq müharibənin gedişatı, vacib elmi araşdırmalar, hətta UNO-ların öyrənilməsilə bağlı materiallar var.

AzVision.az CİA-nın arxiv sənədlərində ölkəmizlə bağlı olan materialları hissə-hissə sizə təqdim edəcək.

İlk təqdim etdiyimiz sənəd CİA-nın 1988-ci ildə hazırladığı “Ermənistan–Azərbaycan düşmənçiliyinin tarixi” (History of Armenian-Azeri Animosity) adlı hesabatdır.

ABŞ-ın o zamankı vitse-prezidenti üçün hazırlanan və CİA-nın direktoru Uilyam Vebsterin imzası ilə təqdim olunan hesabatda xeyli yanlışlıq və tarixi faktlara qərəzli münasibət var. Bu hesabatla tanışlıqdan sonra aydın olur ki, ABŞ rəhbərliyində Qarabağ münaqişəsi ilə bağlı yanlış məlumatların olması haradan qaynaqlanır. Sadəcə olaraq, öz kəşfiyyatları onları düzgün informasiya ilə təmin etməyib.



Hesabatda deyilir ki, SSR-də ermənilər və azərbaycanlılar arasında düşmənçilik fundamental olaraq dini və etnik fərqliliklərlə bağlıdır. Ermənilər ortodoks xristianlar, azərbaycanlılar isə etnik türk və şiə müsəlmanlardır. Əsrlər boyu bu fərqliliklər başda Dağlıq Qarabağ olmaqla ərazi iddialarının yaranmasına səbəb olub.

“Ermənistan və Azərbaycan torpaqları tarix boyu Osmanlı türkləri və Fars imperiyasının tərkibində olub. Rusiya İmperiyası 19-cu əsrin əvvəllərində Qafqaz regionuna qədər genişlənərək hər iki etnik qrupu öz himayəsi altına alıb və zaman-zaman onları bir-biri ilə toqquşdurub.

Türkiyə tərəfindən praktik olaraq bütün erməni əhalisinin deportasiyası və bu proses zamanı 1,5 milyon insanın ölümü ermənilərin azərbaycanlılar da daxil olmaqla, türklərə olan nifrətini kəskin şəkildə artırdı. Eyni zamanda ermənilərin əksəriyyəti ruslara müdafiəçi və ya “pislərin daha yaxşısı” kimi baxmağa başladı.

1917-ci ildə Çar imperiyası dağıldığı zaman həm Ermənistan, həm də Azərbaycan iki il ərzində müstəqil respublika oldular. Yeri gəlmişkən, onların bir-birinə qarşılıqlı nifrəti Qırmızı Ordunun 1920-ci ildə Qafqazda Sovet hegemonluğunun qurulmasını asanlaşdırdı və hər iki respublika SSRİ-nin tərkibinə daxil edildilər.

Bolşevik rəhbərliyi Qarabağa nəzarəti Azərbaycana verdi. Lakin ermənilər hesab edirdilər ki, bu ərazilər etnik tərkibinə (orada yaşayanların əksəriyyəti ermənilərdir) və onların milli tarixlərində tutduğu xüsusi yerə görə onlara məxsusdur. İlk olaraq, Moskva Qarabağı Ermənistana verdi, lakin Türkiyə öz sərhədləri yaxınlarında geniş əraziyə malik Ermənistanın yaradılmasına qarşı çıxdığından, SSRİ rəhbərliyi 1923-cü ildə Qarabağı (adı Dağlıq Qarabağa dəyişdirildi) Azərbaycana qaytardı.

Həmin vaxtdan etibarən ermənilər mütəmadi olaraq Dağlıq Qarabağın qaytarılmasına dair təşviqat aparıb. Qorbaçovun yarı erməni olan iqtisadiyyat üzrə müşaviri Abel Aqanbeqyanın sözlərinə görə, onilliklər ərzində erməni partiyası görüşlər və ictimai yığıncaqlar zamanı bu məsələni qaldırıb. 1960-1970-ci illərdə erməni dissidentlər regionun geri qaytarılması üzrə manifestlər tirajlayırdılar.



Rusların dini yaxınlığa və SSRİ-nin siyasi elitasında daha geniş təmsil olunmalarına əsaslanaraq, ermənilərə daha isti münasibət bəslədiyini görəndə azərbaycanlıların bu məsələyə dözümsüzlüyü daha da artır.

Bundan əlavə, azərbaycanlılar özlərini artan işsizliyin, çətinləşən həyat şəraitinin və ağırlaşan demoqrafik tendensiyaların qurbanı kimi hiss edirlər. Bu böyük incikliklər dolayı yolla Ermənistan-Azərbaycan gərginliyinə təsir edir və Azərbaycanda yaşayan erməni əhaliyə qarşı zorakılıq potensialını artırır”,- deyə hesabatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti