Bundestaqda Xocalı müzakirəsi

Bundestaqda Xocalı müzakirəsi
  28 Fevral 2015    Oxunub:1354
Xocalı soyqırımının 23-ci ildönümü münasibətilə Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri” adlı simpozium keçirilib.

Almaniya Səfirliyindən AzVision.az-a verilən məlumata görə, Xocalı soyqırımının ildönümü münasibətilə artıq 3-cü ildir ki keçirilən simpozium Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi, “Alman-Azərbaycan Forumu” və “Alman Atlantik Cəmiyyəti”nin və ARDNŞ-in Almaniya nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbiri giriş nitqi ilə Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazov açıb. Səfir Ermənistanın təcavüzü haqqında danışıb, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qətliamın Azərbaycan xalqı üçün faciəsini tədbir iştirakçılarına aydınlaşdırıb. Pərviz Şahbazov ölkəmizin işğaldan əziyyət çəkməsinə baxmayaraq, müstəqil və ağıllı siyasət yürütməklə regionda aparıcı gücə çevrildiyini, qonşuları və dünya ölkələri ilə, o cümlədən Almaniya ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu vurğulayıb. Daha sonra “Alman-Azərbaycan Forumu”nun adından qonaqları salamlayan Forumun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanın Avropa və Almaniya üçün əhəmiyyətni geniş işıqlandırıb, ölkəmizin bəzən Almaniya mətbuatında qeyri-obyektiv və qərəzli işıqlandırılmasının ədalətsiz olduğunu bildirib. Şlayer Dağlıq Qarabağ münaqişəsinə etinasız yanaşmanın Avropada bu günədək digər münaqişələrin yaranması və alovlanmasına şərait yaratdığını vurğulayıb.

AFR Bundestaqının vitse-prezidenti Yohannes Zinqhammer sözü gedən tədbirin Almaniya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlanması baxımından əhəmiyyətini vurğulayıb və tədbirə dəvət olunması üçün xüsusi təşəkkür edib. O, Almaniya Bundestaqının hələ 2009-cu ildə Cənubi Qafqaz ölkələrinə dair qəbul etdiyi qətnamədə ərazi bütövlüyünün dəstəkləndiyini və bu qətnamənin bu gündə qüvvədə olduğunu bildirib. Zinqhammer Azərbaycanın dövlət quruculuğu prosesində Avropa dəyərlərinə oriyentasiya etməsini, Avropa, o cümlədən Almaniya ilə sıx iqtisadi əməkdaşlığını yüksək qiymətləndirib. Bundestaqın vitse-prezidenti Azərbaycanda etnik və dini tolerantlığı, Azərbaycanda qadınların hələ Almaniyadan əvvəl seçki hüququna malik olmasını rəğbətlə vurğulayıb.

Tədbirdə çıxış edən ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına qısa ekskurs edib, hazırda reallaşdırılmaqda olan Cənub Qaz Dəhlizi layihəsinin hər iki tərəf üçün faydasından danışıb. Elşad Nəsirov bildirib ki, işğalçı siyasətinin nəticəsində özünü ağır vəziyyətə salmış və hazırda iqtisadi tənəzzül keçirən Ermənistan işğala son qoyarsa Azərbaycanın rəhbərlik etdiyi enerji layihələrinə cəlb olunaraq onlardan bəhrələnə bilər. Azərbaycan Respublikasının Milli Məclisinin adından çıxış edən millət vəkili Siyavuş Novruzov simpozium iştirakçılarına Azərbaycan xalqı üçün ağrılı gündə Qarabağ problemini müzakirə etdikləri üçün təşəkkür edib. Millət vəkili bildirib ki, Ermənistan işğal etdiyi ərazilərin dərhal boşaldılmasını tələb edən beynəlxalq sənədlərə, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə etinasız yanaşmasına baxmayaraq, beynəlxalq birliyin təzyiqlərinə məruz qalmır. Avropa ölkələri hazırda Ukrayna məsələsinə görə Rusiya əleyhinə qoyduğu qətiyyəti Ermənistana da tətbiq etsəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. Çıxışlardan sonra Azərbaycanın Ştuttqart şəhərindəki Fəxri Konsulu Otto Hauzerin moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, Bundestaqın daha bir deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Doris Barnet, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, “Almaniya İqtisadiyyatının Şərq Komitəsi” təşkilatının icraçı direktoru, professor Rayner Lintner, azad jurnalist və publisist, “Der Spiegel” jurnalının sabiq müxbiri Rixard Kissler iştirak ediblər. Karin Ştrents Dağlıq Qarabağ münaqişəsinin uzanmasının səbəbi kimi Ermənistanın işğalı davam etdirməsini göstərib və bunu Ermənistan rəsmilərinə də hər zaman açıq bəyan etdiyini bildirib. O qeyd edib ki, ölkəsini uğurla idarə edən Azərbaycan Prezidentindən fərqli olaraq, Ermənistan Prezidentinin sonuncu Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağa həsr olunmuş panel müzakirəsində iştirakdan qaçması faktı münaqişənin həllinin bugünkü vəziyyətini aydınlaşdırır.

Doris Barnet öz torpaqlarından didərgin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının pozulduğunu vurğulayaraq, onların ən qısa zamanda evlərinə dönməsinin qaçılmazlığının Ermənistana başa salınmalı olduğunu vurğulayıb.

Rixard Kissler Dağlıq Qarabağa, o cümlədən Xocalı şəhərinə jurnalist kimi bir neçə il əvvəl etdiyi səfərindən təəssüratlarını bölüşüb. Jurnalist Xocalı və Şuşa şəhərlərində dağıdılmış mədəni abidələrin bərpa edilmədiyini, Ermənistanın özündə və onun işğal etdiyi Azərbaycan torpaqlarında yaşayan erməni əhalinin ağır demoqrafik böhran keçirdiyini diqqətə çatdırıb.


Teqlər:  





Xəbər lenti