Bulanıq “Su”da balıq tutanlar

Bulanıq “Su”da balıq tutanlar
  26 Noyabr 2015    Oxunub:11787
Vüsal Məmmədov

Rusiya təyyarəsinin vurulması 2 gündür Azərbaycanda da ciddi müzakirələrə səbəb olub, mediada və sosial şəbəkələrdə bir nömrəli mövzuya çevrilib. Və ona yanaşmada mövqelər xeyli fərqlənir: şiddətli türkçülükdən tutmuş, açıq ruspərəstliyə qədər. Həmişəki kimi.


Çox incə bir məqam var ortada. Əgər Türkiyə öz marağına, öz təhlükəsizliyinə, özünün dövlətçilik qüruruna, bir sözlə, ÖZÜNƏ LAZIM OLDUĞUNA görə rus təyyarəsini vursaydı, çəkinmədən deyərdik ki, "Əcəb eləyib" və birmənalı şəkildə Türkiyənin yanında durardıq. Amma təəssüf ki, bu qədər sadə deyil və hər şeyi qəlizləşdirən də bu “amma”dır.

Fakt odur ki, həmin təyyarəni vurmaq Türkiyəyə qətiyyən lazım deyildi.
Rus uçağı Türkiyənin təhlükəsizliyinə hədə yaratmışdımı? Yox!
Türkiyənin dövlətçilik qürurunu alçaltmışdımı? Yox! Dağlıq və səhralıq relyefdə, əhalinin yaşamadığı bir bölgədə sərhədin havada 2 kilometr pozulmasından dünyada heç kimin xəbəri də olmayacaqdı. “Su-24” kimi sürətli təyyarə üçün bu, 1 saniyəlik məsələdir. 1 saniyə...

Həmin o 1 saniyə Türkiyə-Rusiya münasibətlərindən, birlikdə həyata keçirilən böyük geosiyasi layihələrdən, 35 milyard dolları aşan ticari dövriyyədən, bir sıra çox vacib geosiyasi məsələlərdə bir-birinin mövqelərini nəzərə almaqdan dahamı vacib idi? Yox, deyildi.
Türkiyəlilər demiş, “Su”dan səbəblərlə bütün bunları məhv etmyə dəyməzdi.

Bir də ki, niyə vurmaq? Axı ən pis halda qırıcı təyyarə bombardmançını enməyə məcbur da edə bilərdi... Və o halda “günahkar” tərəf birmənalı Rusiya olacaqdı.

Reallıq budur ki, necə yozsanız da, hansı məntiqlə izah etsəniz də, Rusiya təyyarəsini vurmaq Türkiyəyə əsla lazım deyildi. Bu, əgər kiməsə lazım idisə, o kimsə Amerikadır. Həm də çox geniş əhatəli maraqlarına... Bir təyyarənin vurulması ilə, görün, Amerika nələr qazanır:

- Rusiya Suriyada keçirdiyi əməliyyatlara görə dolaysı ilə - NATO-nun başqa üzvünün əli ilə,- cəzalandırılır;
- Türkiyə-Rusiya münasibətləri pozulur, üstəlik, Azərbaycan da daxil olmaqla bütün türk dünyasını Rusiyaya qarşı kökləmək üçün şans yaranır;
- “Erməni kartı” yenidən ortaya atılır, Türkiyə və Azərbaycanın əleyhinə çevrilir, özü də bunun Rusiyanın əlilə baş tutmasına zəmin yaradılır.


Yəni bu addım Türkiyəyə o dərəcədə lazım deyildi, Amerikaya isə o dərəcədə lazım idi ki, hətta atəş açan pilotun bu əmri Pentaqondan aldığı xəbəri yayılsa, mən təəccüblənmərəm. Görünən budur ki, Türkiyə özünün yox, başqa dövlətin marağından çıxış edərək, rus təyyarəsini vurub.

Bu, çox mürəkkəb məqamdır və ortaya xeyli xoşagəlməz suallar çıxardır: Türkiyə kənar iradədən nə dərəcədə asılıdır? Hətta bu iradə onun üzvü oldu hərbi blokun faktiki liderinə məxsusdursa belə... Türkiyə hökuməti dövlət maraqlarını gərəyincə qoruya bilirmi? Əgər həmin “kənar iradə” münasibətlərin daha da gərginləşməsini istəsə, onda Ankara dirənə biləcəkmi? Və belə halda bizim hadisələrə yanaşmamız necə olmalıdır?

Əlbəttə, indi ən doğru yol emosiyaların sakitləşməsidir. Amma buna imkan veriləcəkmi? Və əgər verilməyəcəksə, onda gərginlik hara qədər dərinləşə bilər? Deyək ki, məqsədli şəkildə Suriyada daha bir rus təyyarəsi, vertolyotu vur(dur)ulsa, o zaman Rusiya nələr edə bilər?

Ən pisi odur ki, Türkiyə ilə Rusiyanın arasında Azərbaycan var – həm coğrafi, həm siyasi, həm də mənəvi mənada. Bir də, bu insidentdən maksimum istifadə etmək üçün artıq hərəkətə keçmiş Ermənistan.


Teqlər:





Xəbər lenti