Boks Federasiyasından loqo xəbərləri ilə bağlı AÇIQLAMA

Boks Federasiyasından loqo xəbərləri ilə bağlı AÇIQLAMA
  31 Avqust 2015    Oxunub:2792
“Loqomuzda Naxçıvan MR Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi yer alıb”
Azərbaycan Boks Federasiyası bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi yer alıb. Federasiyanın, eləcə də Beynəlxalq Boks Federasiyasının, rəsmi saytına baxmaqla bunun şahidi olmaq mümkündür”.

Bu barədə Azərbaycan Boks Federasiyasının (ABF) açıqlamasında bildirilir.

Federasiya qeyd edib ki, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanın məhz respublikamızın tərkib hissəsi kimi göstərildiyi loqo əks olunub: “haqqın.az saytında yayılmış və fotosu verilmiş geyimin isə ABF-yə heç bir aidiyyatı yoxdur. Bu, çox güman ki, ayrı-ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla bağlılığı olmayan idman geyimidir”.

Federasiya xatırladıb ki, ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində məhz vahid loqo əksini tapıb.

Qeyd edək ki, bu gün haqqin.az saytı Azərbaycan boksçularının geyimlərində Naxçıvan Muxtar Respublikasının göstərilmədiyi loqonun olduğunu iddia edən xəbər yayıb.

Xatırladaq ki, google beynəlxalq axtarış sistemində də federasiyanın təhrifə uğramış heç bir fotosuna rast gəlinmir.


Teqlər:  





Xəbər lenti