Binəqədi rayonu - inkişaf dinamikası göz qabağındadır

Binəqədi rayonu - inkişaf dinamikası göz qabağındadır
  17 İyul 2013    Oxunub:8272
Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında abadlıq-quruculuq işləri davam etdirilir. Bakının rayonlarında isə görülən işlər göz qabağındadır.

Qeyd etmək lazımdır ki, Bakının rayonları arasında daha çox gözə dəyən inkişaf Binəqədi rayonundadır. Bir vaxtlar xoşagəlinməz rayonlar sırasında olan Binəqədi rayonu bu gün həqiqətən çox dəyişib. Rayonun əksər yerində abadlıq-quruculuq, yenidənqurma işləri aparılır. Əlbəttə ki, bütün bunlar da Binəqədi rayon İcra Hakimiyyəti və icra başçısı Cənab Xaləddin İsgəndərov tərəfindən həyata keçirilir. Bu gün Binəqədi əhalisi onlar üçün yaradılan belə şəraitə görə rayon rəhbərliyinə minnətdar olmalıdırlar. Lakin, qeyd etmək lazımdır ki, bütün bunların başında cənab Prezidentimiz İlham Əliyevin müvafiq fərman və sərəncamları, tövsiyələri durur.

“Alo, müraciətinizi dinləyirik”

Rayon ərazisində aparılan quruculuq işlərindən bəhs etməzdən öncə bu il Binəqədi rayonunda da elektron hökumət quruculuğu sahəsində əldə etdiyi uğurlardan danışmaq yerinə düşərdi. 2013-cü ilin yanvar ayında rayonun elektron xəritəsi hazırlandı və istifadəyə verildi. Elektron xəritə vasitəsi ilə ərazinin vəziyyəti və ərazidaxili planlaşdırma elementləri, ərazidə yerləşən obyektlərin ünvanları və xüsusiyyətləri təyin olunub. Həmçinin rayon təsərrüfatının idarəetməsi asanlaşıb. Fevral ayında isə Azərbaycanda icra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan müraciətlərin cavablandırılması və şikayətlərin qəbul edilərək operativ şəkildə araşdırmaya yönəldilməsi məqsədilə Sakinlərin Müraciət Xidməti – “1646” yaradılıb “Sakinlərin Müraciət Xidməti– 1646″ (SMX–1646) . Binəqədi Rayon İcra Hakimiyyətində 6 fevral 2013-cü il tarixindən Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə istifadəyə verilib. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət–vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.

Sakinlərin Müraciət Xidmətinin yaradılması dövlət orqanı ilə əhalinin əlaqələrini möhkəmləndirir, bu orqanlara müraciət edənlər həm məlumat almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edir. Bu, eyni zamanda, şəffaflığı təmin edir və korrupsiyaya qarşı mübarizədə rayon sakinlərinin rolunu artırır.

Cənab Prezident İlham Əliyev hər zaman bütün çıxışlarında dövlət məmurlarının, icra başçısılarını insanlara, xalqa daha yaxın olmağı çağırır və insanların problemi həll edilməsini istəyir. Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərlərinin bu istiqamətdə işləri həqiqətən təqdirəlayiqdir. Bütün bunlara icra başçısının rayon sakinləri ilə səyyar görüşləri, eləcə də ay ərzində bir neçə dəfə sakinlərlə görüşməsi, onların problemlərini dinləməsi buna misaldır.



Rayonda vətəndaşların faydalı məşğulluğunun təminatına, habelə yeni iş yerlərinin açılmasına da xüsusi diqqət yetirilib. Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta statistik sayı 43122 nəfər olub. Onlardan 17920 nəfəri dövlət, 25202 nəfəri isə qeyri-dövlət sektorunda çalışırlar. 2013-cü il aprelin 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 1060 yeni iş yeri açılıb və bunların hamısı daimidir.

İnsaların məişət şəraitinin yaxşı olması, onların rahat həyat şəraiti, sosial rifahının yaxşı olması icra başçısının əsas prinsiplərindən biridir desək yanılmarıq. Binəqədi rayonu ərazisində əsas magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmiri, əhalinin kommunal problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq istərdik. Keçən illərdə rayon əhalisinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı, habelə kənd, şəhər, şəhərlərarası magistral yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası istiqamətində mühüm nəti¬cələr əldə olunub. Biləcəri, Xocəsən, Sulutəpə yaşayış sahələrində, Binəqədi, Rəsulzadə, 28 may qəsəbələrində yeni qaz xətləri çəkilib, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, rayonun bütün ərazilərinə təbii qazın bərabər miqdarda və təzyiqdə paylanması üçün tədbirlər görülüb.

Binəqədi ekoloji cəhətdən ən təmiz rayonlardan biri



Rayonda yenilənən parklar, binalar, həm böyüklər, həm də uşaqlar üçün məhəllələrdə tikilən istirahət mərkəzləri, qəsəbəsində su və kanalizasiya sistemlərinin yenidən qurulması prosesi davam edir. Qəsəbədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri davam bu gün də davam etdirilir.

İyun ayının əvvəllərində cənab prezident İlham Əliyevin Binəqədi rayonuna səfəri zamanı rayondakı gözəçarpan dəyişiklikləri açıq-aydın görə bilirik. Rayon sakinlərinin istirahəti üçün düşünülmüş parkın ərazisi 4,5 hektar sahəni əhatə edir. Parkdakı yararsız tikililər sökülüb, kommunikasiya xətləri yenilənib. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Əkilən ağacların sayına baxsaq deyə bilərik ki, tezliklə Binəqədi Bakının ekoloji cəhətdən ən təmiz rayonlarından birinə çevriləcək.

Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşıq verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır.

Qeyd edilməsi vacib olan daha bir məqam budur ki, bu ildən başlayaraq rayon ərazisində mövcud olan qanunsuz tikililərin sənədləşməsi prosesi də gedir. İcra başçısının bu istiqamətdə atdığı addımlar rayon sakinlərini çox sevindirib.

Sonda isə deyə bilərik ki həqiqətən Binəqədi rayonunda müşahidə olunan böyük canlanma, inkişaf və tərəqqi, ilk növbədə, sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Bakının Şimal istiqamətində magistral yolun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması, burada gözəl xiyaban və parkların, yaşıllıqların salınması rayonun yeni rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilib və ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Hazırda Şimal istiqamətində hərəkət edən hər bir vətəndaş qısa müddətdə necə böyük və uğurlu bir layihənin reallaşdırıldığının fərqindədir.

Qeyd edək ki, Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin “22 iyul – Mətbuat Günü” münasibətilə jurnalistlər arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti