Bilik Fondu məqsədlərini açıqladı

Bilik Fondu məqsədlərini açıqladı
  18 Sentyabr 2014    Oxunub:1638
Bu gün Prezident yanında Bilik Fondunun mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, fondun icraçı direktoru Oqtay Səmədov qurumun məqsədindən və yaradılmasının səbəblərindən danışıb. O bildirib ki, Bilik Fondunun məqsədi elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılmasıdır: “Vətəndaşlarımızın müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi inkişafının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsi Bilik Fondunun vəzifələrinə daxildir”.

Fondun fəaliyyəti haqqında məlumat verən O. Səmədov qeyd edib ki, “İlboyu bilik” proqramı çərçivəsində layihələr həyata keçirilib: “Bu sırada “Qardaşlaşmış məktəblər” layihəsini xüsusi vurğulamalıyıq. “Qardaşlaşmış məktəblər” layihəsi ölkəmizin müxtəlif bölgələrində olan 20 məktəbi qardaşlaşdırıb, onların arasında qardaşlaşma sazişi imzalanıb. Hər rayonda 2 gün davam edən tədbirlər şagirdlərin biliklərinin, dünyagörüşlərinin artırılması, ölkələrini daha yaxından tanımaları üçün böyük fayda verib”.

O. Səmədovun sözlərinə görə, sentyabrın 15-də Fondun ekspert-alimləri, xarici ölkə səfirləri 70-ə qədər məktəbdə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə deyiblər. “Fondun monitorinq qrupunun ilkin araşdırmasından məlum olub ki, mühazirələr həm məktəb kollektivi, həm də rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Proses bütün məktəbləri əhatə edənə qədər davamlı olacaq. Bilik Fondunun həyata keçirdiyi layihələrdən biri də “Dini abidələrdə tarixin izləri” layihəsidir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, müəyyən bərpa işləri aparılacaq. Bununla yanaşı, Bilik Fondu “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültələri”, “Epizod”, “Məscidlərdə kitabxana”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” və başqa layihələrə də başlayır. Bilik Fondunun rayonlar üzrə 75 nümayəndəsi təyin olunub. Fond fəaliyyətini həmin nümayəndələrlə əlaqəli qurur”.

İcraçı direktoru onu da vurğulayıb ki, gələcəkdə Fondun yerlərdə filialları, xarici ölkələrdə nümayəndəlikləri açılacaq. “Yaxın günlərdə Fondun Bülleteni dərc olunacaq, dövrü mətbu orqanı olan elmi-kütləvi dərgi işıq üzü görəcək”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti