Baş prokuror həmməruzəçilərlə görüşüb

Baş prokuror həmməruzəçilərlə görüşüb
  03 Mart 2015    Oxunub:1235
Bu gün baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, görüşdə baş prokuror AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək, prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılan normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib.

Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini bildirən baş prokuror ötən illərdə, o cümlədən ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Bakı şəhərində korrupsiyaya qarşı mübarizə sahəsində keçirilən yüksək səviyyəli beynəlxalq konfransların əhəmiyyətindən bəhs edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edən Pedro Aqramunt əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti