Bakıya gətirilən 1 ton at əti yolda tutuldu

Bakıya gətirilən 1 ton at əti yolda tutuldu
  06 May 2016    Oxunub:1365
Mayın 4-də şikayət ərizəsi əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qazax şəhəri, Z.Tağıyev küşəsi ev 29 ünvanda yaşayan Ayaz Şəmiddin oğlu Əliyevin işlədiyi Qazax şəhəri, Bakı küçəsində yerləşən köhnə ət kombinatının soyuducularında hissələrə bölünmüş 1050 (bir min əlli) kq miqdarında mənşəyinə və keyfiyyətinə şübhə yaradan, baytarlıq sənədi olmayan ətlər aşkar olunub.
AzVision.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Qazaxda aşkarlanan və paytaxta gətirilən ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 37 (otuz yeddi) nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Müayinə zamanı götürülən nümunələrin 4-nün at əti, qalanların isə iribuynuzlu heyvanların ətlərinin olması aşkar edilib. Həmçinin yoxlanılan bütün nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətlərinin olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Qazax rayonunda aşkarlanan və Bakı şəhərinə gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, aidiyyəti qurumlarla bu istiqamətdə lazımi tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdirilərək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti