Bakının olimpiya öncəsi tualet problemi...

Bakının olimpiya öncəsi tualet problemi...
  03 Mart 2015    Oxunub:11210
Sabahdan etibarən Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının başlamasına 100 gün qalır. Bu idman yarışı ərəfəsində Bakı şəhərinə yüzlərlə turistin gələcəyi gözlənilir.
Paytaxta təşrif buyuran qonaqların şəhərin mərkəzi və mərkəzə yaxın otellərdə yerləşdirilməsi planlaşdırılır. Bundan əlavə Bakıya gələn qonaqlar şəhərin gəzməli-görməli yerləri ilə də tanış olacaqlar. Mötəbər yarışa ciddi-cəhdlə hazırlaşan Bakıda xoşagəlməz bir məsələ var – o da ictimai tualet problemidir.

Şəhərin mərkəzində ictimai tualetlərin az olması bundan öncə də mətbuatda işıqlandırılmışdı. Avropa Oyunları ərəfəsində şəhərdə turistlərin çoxluğunu nəzərə alsaq, bu məsələsinin həllinin vacib olduğunu bir daha düşünmək lazımdır.

Deyək ki, şəhər sakinləri ayaqyolu müşkülünü nə cürsə həll edir. Bəs turistlər?

Gün ərzində paytaxtı dolaşan xarici qonaqlar təbii ehtiyaclarını ödəmək üçün hara üz tutmalıdır?

BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir. Əsas gəzinti yeri olan Bulvarda belə tualetlərə rast gəlinsə də, şəhərin ən böyük gəzinti guşələrindən olan Fəvvarələr bağında ictimai tualet çatışmazlığı mövcuddur. Bakıda keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qaldığını nəzərə alsaq, səyyar tualetlərin quraşdırılmasına ehtiyac var.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda Bakı şəhərində 34 ictimai tualet fəaliyyət göstərir. Bu ictimai tualetlər şəhərin müxtəlif parklarında və bağlarında yerləşir:

“Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti yayda ölkəmizdə keçiriləcək I Avropa Oyunları ilə bağlı Bakı I Avropa Oyunları Təşkilat Komitəsi ilə layihələndirmə işləri aparır. Belə ki, ehtiyac yarandığı hallarda ictimai tualetlərin artırılması diqqətdə dayanan bir məsələ olacaq. Bu sahədə işlər aparılır və yaxın günlərdə informasiya dəqiqləşəcək ki, nə qədər ictimai tualetə ehtiyac var.

Yarışların keçirildiyi yaxın ətrafda “Koroğlu” metrosu yaxınlığında olan fontanın yaxınlığında iki ictimai tualet var. Həmin yolun əks istiqamətində yaxın vaxtlarda stasionar tipli ictimai tualet tikiləcək. Amma bunlarla bərabər lazım olduğu halda səyyar şəkildə də fəaliyyət göstərən tualetlərin olması nəzərdə tutulub. Bütün bunlarla bağlı Bakı I Avropa Oyunları Təşkilat Komitəsi ilə layihələndirmə aparılır və tam qərar verilməyib. Yaxın günlərdə bu məsələyə aydınlıq gətiriləcək ki, nə qədər yerdə ictimai tualetin quraşdırılmasına ehtiyac var”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı AzVision.az-a bildirib ki, bununla əsasən Bakı Şəhər İcra Hakimiyyəti məşğul olmalıdır. AİB sədrinin sözlərinə görə, ictimai tualetlərin olması həddindən artıq vacib bir məsələdir:

“Tualet mədəniyyəti bizdə həddindən artıq pis vəziyyətdədir. Kafelər, restoranlar var ki, tualetə getmək istəyən insanları buraxmırlar. Ən böyük mədəniyyətsizliklərdən biri budur. Ölkəmizdə fəaliyyət gösətərən böyük ticarət mərkəzlərində də belə hallar var. 40-dan çox ölkədə olmuşam və orada kafedə, restoranlarda vətəndaşın tualetə getməsi üçün problem yaradıldığını görməmişəm. Bütün kafelərə və restoranlara göstərişlər vermək lazımdır. Bulvarda iki ictimai tualet var və onlar da bir-birindən çox aralıdır. Şəhərin içərisində isə vəziyyət daha acınacaqlıdır. İctimai tualetlərin salınmasına mütləq ehtiyac var. Bununla bağlı şəhərin mərkəzində ciddi problemlər mövcuddur. Bakıda səyyar və stasionar tualetlər olmalıdır”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti