Bakıda bayram bazarı – dövlət qurumları nə edəcək?

Bakıda bayram bazarı – dövlət qurumları nə edəcək?
  01 Oktyabr 2014    Oxunub:3714
Qurban bayramı ərəfəsində bölgələrdən paytaxta xeyli sayda xırda və iribuynuzlu heyvan gətirilir.

Bu il bayram oktyabrın 4-5-ə təsadüf etdiyindən Bakıda qurbanlıq heyvanların gətirilməsində artım müşahidə olunur. Artıq qurban bazarlarının ünvanları da bəllidir.

Rayonlardan qurbanlıq heyvanların gətirilməsinə aidiyyati qurumlar necə nəzarət edəcək?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, oktyabrın 4-də səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdikləri qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

“Satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq”.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə böglələrdən paytaxta gətirilən heyvanların satışına nəzarət ediləcəyini qeyd edib:

“Heyvanlar Forma-1 baytarlıq arayışı əsasında gətirilir. Həmin sənədlə yanaşı gətirilən heyvanlar bizim mütəxəssislər tərəfindən kliniki müayinədən keçirilir. Bu günə qədər şəhərə gətirilən heyvanların heç birində xəstəlik aşkar olunmayıb. Məlum olduğu kimi Qurban bayramında müəyyən ərazilərdə yarmarkalar təyin olunacaq. Həmin yarmarkaların yüksək səviyyədə həyata keçirilməsi üçün Dövlət Baytarlıq Xidməti üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək. Kəsiləcək hər bir heyvandan nümunələr götürülərək müayinə olunacaq. Hazırda vəziyyət tam olaraq nəzarətdə saxlanılır. Bu günə qədər narahatedici hal müşahidə olunmayıb”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti