Bakıda "Avtoş ovu" davam edir - VİDEO

Bakıda "Avtoş ovu" davam edir - VİDEO
  19 Aprel 2014    Oxunub:1495
Son günlər Bakıda böyük səs-küyə səbəb olan “ölüm yarışı”nın iştirakçıları həbs edilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Anspress-ə verdiyi məlumata görə, Hövsan yolunda avtomobili yüksək sürətlə idarə edərək, yarışan şəxslərin kimliyi məlum olub.

Yol polisi sosail şəbəkələrdə videosu yayılan yarış iştirakçılarının kimliyini araşdırmağa başlayıb. Məlum olub ki, “Lada Priora” markalı, 90 VZ 357 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1968-cı il təvəllüdlü Pərviz Vaqif oğlu Əzizovdur. Onun evli olduğu bildirilir. İki uşaq atasıdır. O, yaxalanan kimi əməlini etiraf edib. Sonradan səmimi olaraq peşman olduğunu bildirib.

“Onun səmimi peşmançılığını, ilk sorğuda etirafını və ailə vəziyyətini nəzərə alaraq, cəzası müəyyən qədər azaldılıb. Məhkəmənin qərarı ilə ona 15 sutka verilib və 1 il müddətində sürücülük hüququndan məhrum edilib”, - deyə V.Əsədov bildirib.

Digər “BMW X6” markalı, 10 BC 109 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Tural Əlməmməd oğlu Həsənovdur. Araşdırmalar zamanı həmin şəxsin bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu məlum olub. Məhkəmənin qərarı ilə ona 30 sutka iş kəsilib və onu 1 il müddətində sürücülük hüququndan məhrum ediblər.

Qeyd edək ki, bir az əvvəl də, aeroport yolunda yarışan şəxslər müəyyən edilərək cəzalandırılmışdı.

Vaqif Əsədov sosial şəbəkələrdə yayılan belə görüntülərdə vətəndaşların məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, əgər kimsə hansısa cinayət xarakterli əməl törədib və onu ictimailəşdirirsə məsuliyyət daşıyır.

Qeyd edək ki, belə yarışmaların nəticəsində paytaxtda yol qəzalarının sayı artmaqdadır. Martın 15-nə keçən gecə Bakının Suraxanı rayonunda “Mercedes Galendewagen” markalı minik maşını Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə çırpılıb. Nəticədə xalq artistinin həyat yoldaşı və azyaşlı nəvəsi ölüblər. Xalq artistinin özü və oğlu ağır yaralanıb.

Videonu sizə təqdim edirik:




Teqlər:





Xəbər lenti