Bakıda heç kim daxmada yaşamayacaq

Bakıda heç kim daxmada yaşamayacaq
  11 Yanvar 2017    Oxunub:5612
“2017-2020-ci illərdə Bakıda köhnə binaların sökülərək yerində yeni binaların tikilməsi gözlənilir”.

Bunu AzVision.az-a iqtisadçı Vüqar Bayramov prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. İqtisadçı bildirib ki, Bakının bir sıra mərkəzi rayonlarında, eyni zamanda şəhərin mərkəzinə yaxın rayonlarda köhnə binaların sökülməsi və yerində yenin binanın inşa edilməsi prosesi başlayıb və bu proses davam edəcək: “Köhnə binanın sökülməsi və yerində yeni binanın inşa edilməsi Bakıda mənzil təklifini artırır. Mərkəzdə sökülən binalar 2-3 mərtəbəli, mərkəzdən nisbətən kənarda sökülənlər isə 3-5 mərtəbəli binalardır. Həmin binaların yerləşdiyi torpaq sahələrində hündürmərtəbəli binalar inşa edilir. Bu imkan verir ki, daha çox mənzil təklif etmək mümkün olsun. O baxımdan proses əmlak bazarında təklifin artmasına gətirib çıxarır. Həmçinin bu qiymətlərin azalmasını stimullaşdıran faktorlardan biridir”.



Ekspertin sözlərinə görə, bir sıra ölkələrdə tətbiq edilən praktikanın Azərbaycanda geniş yayılması vacibdir: “Burada dövlət köhnə binaların sökülməsini və yerində yenə binaların tikilməsini tender yolu ilə özəl şirkətlərə təqdim edə bilər. Həmin şirkət köhnə binada yaşayan sakinləri sayına uyğun olaraq yeni tikilən binada mənzillə təmin edəcək. Tikilən müddətdə isə həmin ailələrin kirayə pulu ödənilir. Təcrübə imkan verir ki, dövlət vəsaitlərinə qənaət etmək mümkün olsun. Həmçinin özəl şirkətlərin fəaliyyət göstərməsinə geniş şərait yaradılır. Eyni zamanda sökülən binada yaşayan sakinlər həmin ərazidə mənzillə təmin olunur. Belə ki, həmin sakinlər konpensasiya alıb mənzil axtarmaq problem ilə üzləşmirlər. Bu il prosesə özəl şirkətlərin cəlb olunması gözlənilir. Bununla vətəndaşların yeni tikiləcək binada təmirli mənzil alması prosesinə qədəm qoyulacaq. Bu, həm tikinti sektorunu inkişaf etdirəcək, həm də vətəndaşların çətinlik çəkmədən mənzil sahibi olmasını təmin edəcək”.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib ki, Bakı daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək.



Dövlət başçısı qeyd edib ki, Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə də start verilib: “Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yöndəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yeni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Binanın açılışında şəxsən özüm iştirak etmişəm. Ona görə ki, buna çox böyük diqqət göstərirəm və hesab edirəm, bu birinci layihə rəmzi xarakter daşıyır. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxuddakı sənədləri hazırlıq mərhələsində olan hündürmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizdə geniş vüsət almışdır. Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binalar tikilsin. Köhnə mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu veriləcək. Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi daha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mənzil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.

Bu layihənin, bu təşəbbüsün çox böyük mənası var. Çünki ilk növbədə biz köhnəlmiş mənzil fondunu aradan götürürük. Digər tərəfdən, yeni binalar mövcud binaların yerində tikiləcək və beləliklə, yeni yerlərə ehtiyac olmayacaq. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, bundan sonra Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək”.

Prezident bildirib ki, əgər sahibkarlar yaşayış binası tikmək istəyirlərsə, getsinlər vətəndaşların razılığını alsınlar, onların bütün məsələlərini həll etsinlər, kompensasiya ödəsinlər, yaxuddakı kirayə vəsaiti versinlər və o yerlərdə şəhər planına uyğun şəkildə, bütün memarlıq normalarına riayət etməklə binalar tiksinlər. Yanaşma belə olmalıdır və çox ciddi nəzarət olmalıdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti