Bakı tıxacdan necə xilas ola bilər? – Müsahibə

Bakı tıxacdan necə xilas ola bilər? – Müsahibə
  06 İyul 2015    Oxunub:3290
Son günlər ölkədə ən çox müzakirə olunan aktual mövzulardan biri rayon maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulması ilə bağlıdır. İddialara görə, rayonlardan paytaxta gələn maşınlar Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq.

Həmçinin mətbuatda yayılan xəbərlər arasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də var.

Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcəyi deyilir.
Yuxarıda səslənən təkliflərin əsas məqsədi paytaxda nəqliyyat sıxlığının aradan qaldırılmasına yönəlib.

Bakıda həllini tapa bilməyən tıxac problemi və bu istiqamətlə səslənən təkliflərlə bağlı ekspert Ərşad Hüseynov AzVision.az-ın suallarını cavablandırıb.



-Son günlər rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacağı ilə bağlı fikirlər səslənir. Necə düşünürsüz bununla şəhərdə nəqliyyatın sıxlığını azaltmaq olarmı?

-Bu gün ortada olan fikirlərin hamısı ideyadır. Hələ ki, son olaraq heç bir qərar yoxdur. Azərbaycanda bu mövzuda, məzmunda qərarı yalnız Milli Məclis qəbul edə bilər. Bunun hüquqi tərəfi belədir.

Əgər bu təkliflər reallaşarsa, onun praktiki nəticəsini çox əhəmiyyətsiz görürəm. Çoxlu problemlər yaradacaq. Buna nəzarət etmək üçün gərək şəhərin girişlərində xüsusi postlar yaradılsın. Xüsusi işçiləri cəlb olunmalıdır ki, rayon avtomobilləri şəhərə qadağan olunmuş vaxtlarda daxil ola bilməsin. Bu isə öz növbəsində müəyyən problemlər yaradacaq. Mübahisələr olacaq, kimsə qohumluq, tanışlıq əlaqələrindən də istifadə edəcək. Reallıqda olan “görüm-baxım” halları olacaq. Bu baxımdan belə qadağaya heç bir ehtiyac yoxdur.

Hətta qeyd edim ki, qərarın özünü icra etmək böyük çətinlik yaradacaq.

-Bəs qanun layihəsi qəbul olunarsa, bunun Bakı şəhərindəki sıxlığın aradan qaldırılmasına hansı müsbət təsirləri olacaq?

-Hesab edirəm ki, belə qanunun tıxaclara çox cüzi təsiri olacaq. Bu barədə hesablama apardım ki, görəsən, rayonlardan nə qədər maşın Bakı şəhərinə daxil olur.

Gün ərzində Sumqayıt şəhəri də daxil olmaqla 20-25 min avtomobil paytaxta daxil olur. Bu da Bakı şəhərində nəqliyyat yükü üçün çox cüzi bir rəqəmdir.

Qanun qəbul olunandan sonra onu ideal şəkildə həyata keçirsələr belə bunun xüsusi vurğulanacaq əhəmiyyəti olmayacaq. Şəhərin giriş hissələrində sadəcə sıxlıq cüzi azala bilər.

- Tıxac probleminin həlli üçün tək nömrəli avtomobillərin cüt günlər, cüt nömrəli avtomobillərin isə tək günlər şəhərə girişi ilə bağlı təkliflər də səsləndirilir. Bu mümkün ola bilərmi?

-Bu ideya dünyanın bəzi ölkələrində var. Amma heç bir ölkədə o bütün şəhərə aid deyil. Dünyanın heç yerində paytaxta kənardan gələn avtomobillərin girməsinə qadağa yoxdur. Şəhərin ayrı-ayrı tarixi yerlərinə giriş üçün qadağalar var. Bizim “İçərişəhər”də belə məhdudiyyət mövcuddur.
Dünya praktikasında şəhərin müyyən rayonlarında tək və cüt nömrəli avtomobillərin hərəkətinə qadağa var. Hətta bəzi yerlərdə pullu buraxılış həyata keçirilir. Bəzi yerlərdə isə giriş yalnız orada işləyən, xidmət edən şəxslərə aiddir. Bu konkret şəhərə yox, hansısa küçəyə, məhəlləyə, xüsusən də tarixi yerlərə aid olur. Türkiyədə belə tarixi yerlər var ki, orada yalnız velosiped və at arabası ilə gəzmək olar.

-Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması üçün sizin hansı təklifləriniz var?

–İlk növbədə Bakı şəhərinin yol şəbəkəsinin ölçülərini, yükgötürmə qabiliyyətini dünya standartları səviyyəsinə çatdırmaq lazımdır. Dünyanın Bakı kimi şəhərlərində 30 faizi yol, küçə, prospekt var. Amma qeyri-rəsmi məlumatlara görə, Bakıda bu rəqəm heç 10 faiz də deyil. İlk növbədə bununla məşğul olmaq lazımdır. Bəzi yerlərdə şəhərin küçələrini tikililərlə zəbt edirlər. Küçələri genişləndirəm lazımdır.

Dünyanın bir çox ölkələrində fərdi nəqliyyatın hərəkətini azaltmaq üçün ictimai nəqliyyat ideal vəziyyətdə olur. O zaman hər kəs bilir ki, getdiyi yerə ictimai nəqliyyatla rahat və vaxtında çatacaq. Bunun üzərində işləmək lazımdır.

İctimai nəqliyyatı ideal vəziyyətə gətirmək və şəbəkəsini genişləndirmək lazımdır. Xüsusilə də Bakı şəhərinin mərkəzi ilə ətrafı arasındakı nəqliyyat şəbəkəsini genişləndirməyə ehtiyac var.

Şəhərdə müəyyən idarələr, təşkilatlar, sənaye müəssisələri var ki, onların təsərrüfat yüklərinin daşınmasında pərakəndəlik hökm sürür.

Onlar işi elə planlaşdıra bilərlər ki, yüklərini yalnız gecə daşısınlar. Həmçinin rayonları əhatə edən ekspress qatarlar yaratmaq lazımdır. Bu yaxınlarda Sumqayıt istiqamətində yeni qatarlar istifadəyə verilməlidir. Onu digər rayonlara kimi də uzatmaq olar. Rahat qatarlar olsa, rayondan gələnlər şəxsi avtomobillərindən istifadə etməzlər.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti